TƏHLİL

Neft qiymətləri və alternativ energetikanın süqutu: qalib kimdir?

Neftin qiymətin düşməsi kənardan qüvvələr tərəfindən fəal şəkildə stimullaşdırılıb, tamamilə süni olub və koronavirusun və ya adi iqtisadi amillərin təsiri ilə heç bir şəkildə əlaqəli deyil.
Sputnik

BAKI, 17 mart — Sputnik, Aleksey Maslov. Koronavirusun yayılması fonunda neftin qiymətinin kəskin şəkildə düşməsi dərhal bu iki hadisənin bir-birinə nə dərəcədə bağlı olduğu və onların hansı qlobal fəsadlarının olacağı məsələsini gündəmə gətirib. Onlar arasındakı birbaşa asılılıq sanki açıq və aydındır: Çində sənayenin bir sıra sahələri üzrə istehsalın 40-60 faiz azalması, ixracın kəskin düşməsi və istehlakın azalması, dünyanın onlarla iri ölkəsində karantin və "evdən iş" rejiminə keçid, eləcə də "domino prinsipi" ilə neftin qiymətinin aşağı düşməsi. Lakin, pandemiya sanki çoxdandır gözlənilənləri yalnız stimullaşdırdı.

Neftin qiyməti əvvəllər də kəskin şəkildə düşüb – ilk növbədə mahiyyət etibarilə kritik olan hərbi hadisələr səbəbindən: məsələn, 1991-ci il yanvarın 17-də Fars körfəzində gedən müharibənin fonunda neftin qiyməti 34,8 faiz enib; 2001-ci ilin sentyabr-noyabr aylarında ABŞ-da baş veriş terror hücumlarından sonra qiymətlər azalıb. Bu dəfə isə eniş dinc şəraitdə baş verir və Rusiyanın OPEC+ sazişindən çıxması ilə əlaqədardır – bütün bunlar göstərir ki, qiymətin düşməsi kənardan qüvvələr tərəfindən fəal şəkildə stimullaşdırılıb, tamamilə süni olub və koronavirusun və ya adi iqtisadi amillərin təsiri ilə heç bir şəkildə əlaqəli deyil.

Vəfasız neft, üzərlik, mərc oyunları və zalım fələk

Bu vəziyyətdə həm qaliblər, həm də zərər çəkənlər var. Aşağı neft qiymətlərinin istehsalçılara və istehlakçılara nə dərəcədə təsir göstərəcəyi vacib sualdır.

Rusiya-Çin neft-qaz əməkdaşlığı müəyyən dərəcədə uzunmüddətli müqavilələrlə qorunur. Lakin koronavirus pandemiyası kimi fors-major şəraitdə bir çox neft-qaz sazişləri yenidən baxıla bilər. Buna səbəb, məsələn, Çinin daha az neft və qaz alması ola bilər. Bu isə Rusiyanın neft gəlirlərinə təsir edəcək.

ABŞ üçün neftin qiymətinin aşağı düşməsi sərfəli deyil, çünki bu, qiyməti təxminən 40 dollar olan şist neftinin hasilatını aşağı salacaq. Hazırkı qiymət Səudiyyə Ərəbistanına da sərfəli deyil. Ölkənin büdcəsi 65 dollardan başlayan neft qiyməti üzərində qurulub.

Əvəzində, Çin və Asiyanın bir çox digər ölkələri nəzərəçarpacaq dərəcədə fayda əldə edirlər. Çünki onlar nefti daha ucuz qiymətə ala biləcək və bununla da öz iqtisadiyyatlarının bərpasını asanlaşdırmaq imkanını əldə edəcəklər.

Adətən, neftin qiymətinin düşməsi Asiya ölkələrinin iqtisadi artımını stimullaşdırıb və bu dəfə də onlara fiskal stimullaşdırma tədbirlərinə başlamağa imkan verəcək. Lakin hazırkı şəraitdə koronavirusun zəiflətdiyi istehlak tələbatını nəzərə alsaq, ucuz neftin üstünlükləri elə də böyük olmaya bilər.

Ruslarla ərəblər neft bazarında biri-birini-qırırlar – Bu ölkə isə sərvət əldə edir

Aydındır ki, neftin qiymətinin düşməsi Malayziyanın və İndoneziyanın – Asiya regionunda iki neft ixrac edən ölkənin büdcəsinə təzyiq göstərəcək və onların iqtisadiyyatı canlandırmaq imkanlarını məhdudlaşdıracaq.

Məsələnin başqa tərəfi də var. Neftin qiymətinin düşməsi demək olar ki, bütün alternativ energetikanı, o cümlədən külək və günəş enerjisindən istifadəni səmərəsiz edir. Çin üçün də məhz bu məsələ çox əhəmiyyətlidir.

Alternativ enerji mənbələri son illərdə Çin tərəfindən nəinki yeni "təmiz" iqtisadiyyatın yaradılması, həm də enerji sahəsində təhlükəsizliyin təmin edilməsi, iri neft və qaz ixracatçılarından "azad olma" yolu kimi qiymətləndirilirdi. Əslində Çin bərpa olunan enerji mənbələrindən istifadənin artırılmasını tələb edərək, iri neft ixracatçılarının təsirini azaldırdı. Lakin görünən odur ki, nəhəng kapital qoyuluşlarına baxmayaraq, yaxın zamanlarda Çin bunu edə bilməyəcək.

Çin günəş batareyalarının, külək turbinlərinin, akkumulyatorların və elektrik nəqliyyat vasitələrinin dünyada ən böyük istehsalçısı və ixracatçısıdır. Çinin elektrik enerjisi sahəsində 13-cü beşillik planı (2016-2020-ci illər) ümumi elektrik enerjisi istehsalında qeyri-mineral yanacağın payının 2020-ci ilədək 35 faizdən 39 faizə qədər artırılmasına yönəlib. Çinin Milli Energetika İdarəsi və Milli İnkişaf və İslahatlar Komissiyası 2020-ci ilə qədər bərpaolunan enerji mənbələrinin inkişafına 360 milyard dollardan çox sərmayə qoymağı və bu sektorda 13 milyon iş yerinin yaradılmasını planlaşdırırdı (müqayisə üçün ABŞ-da bu sektorda 800 minə yaxın işçi var).

Biz hazır idik – Rusiya neft ssenarisini hazırladığını etiraf etdi

Alternativ enerji mənbələri barədə mülahizələrdə müsbət romantizmin payı az olmayıb. 2019-cu ilin yanvarında təqdim olunmuş "Yeni Dünya: enerji transformasiyasının geosiyasəti" adlı hesabatda iddia edilirdi ki, bərpa olunan enerji mənbələrinin sürətli artımının geosiyasi və sosial-iqtisadi nəticələri dərin olacaq. Proqnozlaşdırılan dəyişikliklərə bütün dünyada yeni enerji liderlərinin meydana çıxması, ticarət strukturunun dəyişməsi, yeni enerji alyanslarının yaranması, "karbohidrogen" ölkələrində qeyri-sabitlik və s. daxil idi. Hesab edilirdi ki, Çinin enerji sənayesinin transformasiyası enerji təhlükəsizliyi baxımından onun üçün faydalı olacaq, çünki o, yalnız bu cür enerjinin istehsalında deyil, həm də innovasiyalarda və bərpa olunan enerji texnologiyalarının tətbiqində lider mövqe tutur: 2017-ci ildə dünya üzrə bərpa olunan enerji mənbələrinə qoyulmuş investisiyaların 45 faizindən çoxu Çinin payına düşüb.

Hazırda Avropa, Çin və Yaponiya mineral yanacağın idxalından çox asılıdırlar, lakin bərpa olunan enerji mənbələrinin payının artması ilə onların enerji müstəqilliyi də arta bilərdi. Yaponiya ən asılı ölkədir: onun xalis yanacaq idxalı ümumi daxili məhsulun (ÜDM) 5 faizini təşkil edir. Cənubi Asiya öz ÜDM-nin 3 faizindən çoxunu mineral yanacaqlarının idxalına xərcləyir. Nəzəriyyədə, idxal olunan mineral yanacaq növlərindən ölkə daxilində istehsal edilən alternativ enerji mənbələrinə keçən ölkələr ticarət balanslarını əhəmiyyətli dərəcədə yaxşılaşdırmalıdırlar.

Pandemiya, köhnə qlobalizm, neft və metrodakı maska alverçisi

Son bir neçə ildə Çin fəal şəkildə yeni enerji mənbələrinə can atırdı. 2017-ci ilin əvvəlində dünyada bərpa olunan enerji mənbələri üzrə beş ən böyük sazişdən dördü Çin şirkətləri tərəfindən imzalanmışdı, Çin altı ən böyük günəş modulunun beşinə və dünyada ən böyük külək turbinləri istehsalına malikdir. Çinin aparıcı texnologiya şirkətləri, ilk növbədə məlumatların saxlanması və emalı ilə məşğul olan şirkətlər artıq çoxdan bərpa olunan enerji mənbələrinə keçməyə başlayıblar.

Çinin alternativ mənbələrə keçməsinin digər bir səbəbi də var idi – ətraf mühitin çirklənməsi ilə mübarizə. "RAND Corporation" apardığı təhlil əsasında belə bir nəticəyə gəlib ki, 2012-ci ildə havanın çirklənməsinə qarşı mübarizə Çinə 535 milyard dollara başa gəlib (ÜDM-in 6,5 faizi). Əsas səbəb ilk növbədə əmək məhsuldarlığında itki olub.

Beləliklə, indiki vəziyyətin paradoksu aşağıdakılardan ibarətdir: Çin aşağı qiymətdə olan ənənəvi enerji daşıyıcılarına ehtiyac duyur. Bir çoxları bütün qlobal iqtisadiyyatın bərpasını Çin sənayesinin yenidən fəaliyyətə başlaması və Çin istehlakının artması ilə əlaqələndirirlər. Əvvəlki neft qiymətəri ilə bunu etmək çox çətin və bahalı olardı.

Lakin Çini tədricən neft və qaz asılılığından çıxaracaq alternativ enerjiyə keçid də artıq uzun müddətliyinə dəfn edilib. Çin köhnə modellərə qayıtmalı olacaq. Həm də neftin yeni qiyməti Çini çox qane edir. Bu qiymət ona imkan verəcək ki, minimal itkilərlə hər şeyi yenidən başlasın.