BAKI, 16 mart — Sputnik. Türkiyədə məscidlərdə camaat namazına müvəqqəti olaraq fasilə verilib. Sputnik Azərbaycan “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyə Dəyanət İşləri İdarəsinin sədri Əli Erbaş bildirib.
“Yeni növ koronavirusun yayılmasının qarşısının alınması məqsədilə cümə namazı başda olmaqla, məscidlərdə camaat namazına müvəqqəti olaraq fasilə verilib. Bu fasilə koronavirus riski aradan qalxana qədər qüvvədə qalacaq. Belə hallarda namazlar evdə qılınmalıdır. Cümə namazı yerinə günorta namazının qılınması yetərlidir”, - deyə Erbaş vurğulayıb.
Bundan başqa, Türkiyə Daxili İşlər Nazirliyi ölkədə bir sıra obyektlərin fəaliyyətini məhdudlaşdırıb. Nazirliyin qərarı ilə mədəni-kütləvi tədbirlərin keçirildiyi müəssisələr, kinoteatrlar, teatrlar, eləcə də restoran, kafe, kazino, çayxana, internet salonları, ticarət mərkəzləri, qapalı oyun meydançaları, hovuzlar, termal su mərkəzləri, türk hamamları, sauna, spa, masaj salonu, idman mərkəzləri və digər obyektlərin fəaliyyəti müvəqqəti olaraq dayandırılacaq.