İQTİSADİYYAT

"Ölkəmiz üçün əladır" – Trampdan baş verənlərə reaksiya

FED əhalinin maksimum məşğulluğunu və sabit qiymətləri təmin etmək, eləcə də inflyasiya artımından qaçmaq istədiyini bildirib.
Sputnik

BAKI, 16 mart — Sputnik. ABŞ-ın Federal Ehtiyat Sistemi (FED) yeni növ koronavirusun (COVID-19) yayılması fonunda martın 16-dan başlayaraq baza dərəcəsini 0-0,25 faizədək endirib. Sputnik Azərbaycan xəbər verir ki, FED bu barədə rəsmi bəyanatı öz saytında yerləşdirib. 

Bu, martın əvvəlindən FED-in ikinci belə qərarıdır. Bundan əvvəl FED koronavirus epidemiyası fonunda martın 3-də baza dərəcəsini 1,5-1,75 faizdən 1-1,25 faizədək azaldıb.

Bəyanatda bildirilir ki, koronavirus pandemiyası bir çox ölkələrin, o cümlədən ABŞ-ın iqtisadiyyatına ciddi ziyan vurub. Pandemiyanın fəsadları iqtisadi aktivliyə və iqtisadi perspektivlərə təsir göstərməyə davam edəcək. FED əhalinin maksimum məşğulluğunu və sabit qiymətləri təmin etmək, eləcə də inflyasiya artımından qaçmaq istədiyini bildirib.

ABŞ Prezidenti Donald Tramp isə FED-in bu qərarını alqışlayıb.

"FED-i bu münasibətlə təbrik edirəm. Bu, ölkəmiz üçün əladır", – Tramp mətbuat konfransında faiz dərəcəsinin düşməsini şərh edərkən deyib.