Çin İranla bağlı dünyaya müraciət etdi

Qen Şuan qeyd edib ki, Çin İrandakı vəziyyətin inkişafını diqqətlə izləyir və İran tərəfi ilə bu məsələyə dair daima əlaqədədir
Sputnik

BAKI, 16 mart — Sputnik. Çin bütün ölkələri İrana qarşı sanksiyaları dayandırmağa çağırıb. Sputnik Azərbaycan “RİA Novosti”-yə istinadən xəbər verir ki, bunu Çinin Xarici İşlər Nazirliyinin rəsmi təmsilçisi Qen Şuan bildirib.

“Hazırda İran hökuməti və xalqı pandemiya ilə mübarizə aparır və bu mübarizə həlledici mərhələyə qədəm qoyub. Bu dövrdə İrana qarşı birtərəfli sanksiyalar yalnız vəziyyəti gərginləşdirir”, - deyə vurğulayan diplomat qeyd edib ki, bu həmçinin humanizm ruhuna ziddir.

Onun sözlərinə görə, sanksiyaların saxlanılması İranın koronavirus pandemiyası ilə mübarizə imkanları və səylərinə ciddi təsir edir.

Qen Şuan qeyd edib ki, Çin İrandakı vəziyyətin inkişafını diqqətlə izləyir və İran tərəfi ilə bu məsələyə dair daima əlaqədədir: “Çin İrana tibbi ləvazimatlar və öz ekspertlərini göndərib”.