Nigar İsgəndərova, Sputnik Azərbaycan
BAKI, 16 mart — Sputnik. Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah 14 mart 2020-ci il saat 00:00-dan etibarən ölkə ərazisində tətbiq olunacaq bəzi sosial izolyasiya tədbirlərinə başlanıb.
Maraqlıdır, daha çox təmizliyimizin qeydinə qalanlar necə qorunur?
Bakı Şəhər İcra Hakimiyyətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Sputnik Azərbaycan-a verilən məlumatda onların təhlükəsizliyinin təminatı üçün müəyyən işlərin görüldüyü bildirilib: “Süpürgəçilərə maska və geyimlər verilib. Ümumilikdə isə bütün kommunal xidmət işçiləri bu geyim və ləvazimatlarla təmin olunublar”.
“Lakin onların iş qrafikində dəyişiklik olmayıb, 8 saatlıq iş rejimi ilə çalışırlar”, - deyə verilən məlumatda bildirilib.
Qeyd olunub ki, koronavirus (COVİD - 19) infeksiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən təxirəsalınmaz tədbirlər davam etdirilir:
"Bakı şəhərində xəstəliyə yoluxma hallarına yol verilməməsi və onun qarşısının alınması, bu sahədə aparılan müvafiq profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi məqsədi ilə Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamenti tərəfindən xüsusi tədbirlər görülür.
Bakı Şəhər İcra Hakimiyyəti Məbuat Xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, məsələnin cidiliyi nəzərə alınaraq hər 10 gündən bir Departamentin balansında olan 11 300 ədəd yaşayış binalarında, binalardakı ümumi istifadə yerlərində, giriş blokları və pilləkən marşlarında, sakinlərin daha çox istifadə etdiyi yerlərdən olan lift kabinaları və onun ətrafı, ən vacibi məişət tullantılarının atıldığı konteyner meydançalarında, həyət və yaşayış məhəllələrində, həmçinin digər yerlərdə tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər aparılır.
Hər gün səhər saatlarında Departamentin işçiləri tərəfindən suya xüsusi dezinfeksiyaedici maddə qatılmaqla küçə və prospektlərin kənarları, yol kənarlarındakı məhəccərlər və s. də yuyulur. Həmçinin paytaxtdakı kooperativ binaların və yaşayış komplekslərinin rəhbərlərinə də öz ərazilərində bu kimi profilaktiki tədbirlərin keçirilməsi ilə bağlı tapşırıqlar verilib.
Eyni zamanda paytaxt sakinlərinin daha çox istifadə etdikləri ticarət mərkəzlərində dezinfeksiya işləri aparılır, əlavə qabaqlayıcı tədbirlər görülür. Xüsusilə bazarlarda təmizlik işlərinə nəzarət gücləndirilib. Bazar rəhbərlikləri gündəlik olaraq axşam saatlarında ticarət bitdikdən sonra bazarda tam təmizlik işlərinin və bütün satış sahələrinin dezindeksiyasinin aparılması ilə bağlı xəbərdarlıq edilib və aparılan işlər aidiyyəti qurumların nəzarətinə alınıb".