CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qələbə tarixi: Mariupoldan Berlinə qədər uzanan yol

Bu il İsmayıl Fərəcov xüsusi həyəcanla may ayını gözləyir. Çünki bu ay o, həm Qələbənin yubileyini qeyd edəcək, həm də çoxdan gözlədiyi ilk nəticəsini görəcək
Sputnik

BAKI, 14 mart — Sputnik. Böyük Vətən Müharibəsinin bitməsinin 75 illiyi ərəfəsində “MİR 24” telekanalı Qələbəni yaxınlaşdıran şəxslər barədə danışmağa davam edir.

Bakıdan olan İsmayıl Fərəcov gənc yaşlarında cəbhəyə gedən şəxslərdəndir. O, müharibənin sonuna kimi kəşfiyyatçı olub və Berlinə qədər gedib çıxıb.

Veteranın müharibə illərini əks etdirən fotoları azdır. İsmayıl Fərəcov deyir ki, o “görünməz cəbhə”nin əsgəri olub. Müharibədə o dərhal kəşfiyyatçı olub: “Rotada alman dilini təkcə mən bilirdim”.

“Dili bilirdim, amma kəşfiyyatçı bacarıqlarım yox idi. Özünü çətin vəziyyətdə necə aparmaq kimi bacarıqları mənim komandirim öyrətdi”, - deyə veteran xatırlayır.

İsmayıl Fərəcov cəbhəyə 1942-ci ilin sentyabrında gedib və dərhal işğal altında olan Mariupola daxil olmaq tapşırığı alıb.

“İşğal dövründə kəşfiyyatçının çiyinlərinə böyük yük düşürdü. Partizan döyüşü gedirdi. Ön cəbhədə biz – kəşfiyyatçılar fəaliyyət göstərirdik”, - deyə veteran bildirib.

Ən ağır xatirələrdən biri hərbçi yoldaşının ölümüdür. O, minaya düşüb. Fərəcov bir az ondan geri qalıb və bu onu xilas etsə də, qəlpə yaraları alıb.

“Bədənimin müxtəlif yerlərində 20-dən çox qəlpə var. Onlar mənə müharibəni, döyüş meydanında itirdiyim dostlarımı xatırladır”, - deyə veteran deyir.

Yarım il hospitalda qaldıqdan sonra Fərəcov yenidən cəbhəyə qayıdıb. Onun diviziyası qərbə tərəf hərəkət edib. Moldova, Rumıniya və Macarıstanın azad olunmasında iştirak edib və Berlinə çatıb.

“Orada ağır döyüşlər gedirdi. Biz hər küçə uğrunda döyüşürdük. Reyxstaqın süqutunu öz gözlərimlə gördüm. Bu hər bir sovet əsgərinin arzusu idi”, - deyə Veteran xatırlayır.

Sabiq kəşfiyyatçı indi də qələbə qazanmağa davam edir – dostlarını nərddə udur.

Bu il İsmayıl Fərəcov xüsusi həyəcanla may ayını gözləyir. Çünki bu ay o, həm Qələbənin yubileyini qeyd edəcək, həm də çoxdan gözlədiyi ilk nəticəsini görəcək.