CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Əmanətlərin tam sığortalanması müddəti uzadılıb

Ölkədə maliyyə sabitliyini qorumaq, bank sisteminin dayanıqlığını təmin etmək, əmanətçilərin bank sisteminə etibarını gücləndirmək məqsədilə 2016-cı il 19 yanvar tarixində "Əmanətlərin tam sığortalanması haqqında" qanun qəbul edilib
Sputnik

BAKI, 13 mart - Sputnik. Bu gün Milli Məclisin plenar iclasında "Əmanətlərin tam sığortalanması haqqında" qanuna dəyişiklik müzakirəyə çıxarılıb.

Sputnik Azərbaycan xəbər verir ki, qanun layihəsində əmanətlərin tam sığortalanması müddətinin 9 ay, bu il dekabrın 4-dək uzadılması nəzərdə tutulur.

Qanun layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.

Qeyd edək ki, qlobal iqtisadiyyatda baş verən böhran prosesləri fonunda ölkədə maliyyə sabitliyini qorumaq, bank sisteminin dayanıqlığını təmin etmək, əmanətçilərin bank sisteminə etibarını gücləndirmək məqsədilə 2016-cı il 19 yanvar tarixində "Əmanətlərin tam sığortalanması haqqında" qanun qəbul edilib. 2016-cı il martın 4-dən qüvvəyə minən həmin qanuna görə, Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasının müəyyən etdiyi illik faiz dərəcəsi həddində olan bütün qorunan əmanətlər məbləğindən asılı olmayaraq 3 il müddətində tam sığortalanıb. Daha sonra, 19 fevral 2019-cu il tarixində qanuna edilmiş dəyişikliklər əsasında həmin müddət 1 il (04 mart 2020-ci ilə qədər) uzadılıb.