ABŞ-da fövqəladə vəziyyət, Çindən gələn tibb ləvazimatlarına rüsum da ləğv olundu

Cons Hopkins Universitetinin məlumatına görə, ABŞ-da koronavirusa yoluxma halı 1.6 min nəfərə çatıb.
Sputnik

BAKI, 13 mart — Sputnik. ABŞ Prezidenti Donald Tramp cümə günü mətbuat konfransı zamanı ABŞ-da yeni koronavirusun yayılması səbəbindən fövqəladə vəziyyət elan edib.

"Mən rəsmi olaraq fövqəladə vəziyyət elan edirəm, - o deyib.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, ABŞ liderinin fikrincə, bu, virusla mübarizəyə "50 milyard dollar ayırmağa" imkan verəcək.

Ölkədə təhsil müəssisələri bağlanır, kütləvi tədbir və toplanışlara qadağa qoyulur və bir çox mətbuat konfransları onlayn rejimdə keçirlir.

FV elan olunması ilk növbədə hökumətə xəstəliklə mübarizə üçün gərəkli olan bütün resursları ştatlar üzrə daha operativ paylamağa imkan yaradacaq. Bir müddət əvvəl FV bir neçə ştatda elan olunmuşdu.

Cons Hopkins Universitetinin məlumatına görə, ABŞ-da koronavirusa yoluxma halı 1.6 min nəfərə çatıb. Real halların sayı isə daha çox ola bilər, çünkü koronavirus testləri seçmə yolu ilə bəzi xəstələrdən götürülüb. Müxtəlif qiymətləndirmələrə görə, ABŞ-da epidemiya müddətində 10 mindən az koronavirus testi aparılıb.

Ümumdünya Səhiyyə Təşkilatı martın 11-də yeni koronavirusun yayılmasını pandemiya elan edib. Dünyanın 100-dən artıq ölkəsində 120 minədək insan yoluxub, 4 mindən çoxu isə ölüb.

Bu arada Birləşmiş Ştatlar tibbi təyinatlı bəzi Çin məhsullarına rüsumu aradan qaldırıb. Bu barədə  "Wall Street Journal" yazıb. Məlumata görə, koronavirusla mübarizə tədbirləri çərçivəsində atılan bu addımla qoruma xalatları, əlcəklər, cərrahiyyə mələfələri və tibbi tullantıların utilizasiyası üçün paketlər ölkəyə rüsumsuz gətiriləcək.