BAKI, 13 mart — Sputnik. "Twitter Inc." şirkətinin əməkdaşları koronavirusa yoluxma riski səbəbindən evdən işləməyə başlayıblar. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə şirkət özünün sosial şəbəkə bloqunda məlumat yayıb.
10 gün əvvəl şirkət işçilərinə ofisdənkənar iş rejiminə keçməyi tövsiyə edib. Bununla yanaşı, şirkət hazırda dünyadakı 5000-ə yaxın işçisinin koronavirus səbəbindən evdən işləməli olduğunu bildirib.
31 dekabr 2019-cu ildə Çin hakimiyyəti Hubey əyalətinin Uhan şəhərində sətəlcəm (pnevmoniya) xəstəliyinə yoluxma hallarının olduğunu elan edib. Xəstəliyin törədicisi Covid-2019 rəsmi adı verilən yeni növ koronavirusdur.
Hazırda dünya üzrə koronavirusa 126258 nəfər yoluxub, 4638 nəfər xəstəlikdən dünyasını dəyişib, 68266 nəfər sağalıb. Koronavirus altı qitədə 116 ölkənin ərazisində yayılıb. Dünyanın bir çox məşhur şirkətləri koronovirus səbəbindən işçilərini uzaqdan işləmə rejiminə keçirib.