BAKI, 13 mart - Sputnik. “Bu gün Azərbaycanda yalandan ajiotaj yaradılır. Neftin qiymətinin dəyişməsi ilə əlaqədar dövlət lazımi tədbirlər görür”. Sputnik Azərbaycan xəbər verir ki, bunu Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov parlamentin bu gün keçirilən plenar iclasında deyib.
O bildirib ki, müəyyən mətbuat orqanları, xüsusilə də xaricdə oturanlar bu ajiotajı qızışdırır: “Onlar cəmiyyəti başqa istiqamətə yönəltməyə çalışırlar. İnsanlar narahat olmamalıdır, dövlət tərəfindən lazımi tədbirlər görüləcək. Hər zaman ən təhlükəli məqamlarda dövlət öz xalqının yanında olub. Cəmiyyətin nəzərinə çatdırmaq lazımdır ki, təşvişə ehtiyac yoxdur. 5-3 adamın şərhlərinə uymamalıdırlar”.
İclasda Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili də bildirib ki, Azərbaycan hökumətinin apardığı tədbirlər nəticəsində iqtisadiyyatıın dayanıqlılığı artıb: “İqtisadiyyatın xarici şoklardan qorunması üçün immunitet yaranıb. Neftin qiymətinin 30-35 dollar olması büdcə gəlirlərini 270-340 milyon dollar azalda bilər. Bu da büdcənin gəlirlərində çox cüzi faizdir. Son iki ayda büdcəyə proqnozlaşdırılandan 250 milyon manat əlavə vəsait daxil olub. Bu da göstərir ki, neftin qiymətinin düşməsi büdcə gəlirlərinə elə ciddi təsir göstərməyəcək”.