İtaliyada koronavirusdan ölənlərin sayı artıb. "Yuventus"un futbolçusu da yoluxdu

Bu səhərə olan məlumata görə, dünya üzrə koronavirusa 126 258 nəfər yoluxub, 4 638 nəfər xəstəlikdən dünyasını dəyişib
Sputnik

BAKI, 12 mart — Sputnik. İtaliyanın "Yuventus" futbol klubunun müdafiəçisi Daniele Ruqani koronavirusa yoluxub. Sputnik Azərbaycan Turin şəhərinin təmsilçisinin saytına istinadən xəbər verir ki, futbolçunun koronavirus testinin nəticəsi müsbət olub.

Oyunçunun xəstəliyi hazırda asimptomatik olaraq davam edir. "Yuventus" qanunun tələbinə uyğun olaraq Ruqanini təcrid etmək, o cümlədən oyunçu ilə təmasda olmuş hər bir kəsin şəxsiyyətini müəyyənləşdirmək üçün bütün prosedurları həyata keçirir.

İspan futbolçular İtaliyaya, italyanlar isə İspaniyaya getmirlər - Səbəb...

25 yaşlı Ruqani cari mövsümdə "Yuventus"un heyətində yeddi oyun keçirib. İtaliya yığmasının heyətində də o, yeddi dəfə meydana çıxıb.

Bu arada İtaliya koronavirusun yayılmasına görə Avropada birinci yeri tutur. Çərşənbə axşamı açıqlanan son rəsmi məlumatlara görə, ölkədə koronavirusdan daha 196 nəfər dünyasını dəyişib. Beləliklə, İtaliyada "COVID-19" qurbanlarının sayı 827-ə çatıb. Yoluxmuş 12462 nəfərdən 1045-i sağalıb.

Çərşənbə günü İtaliyanın Baş naziri Cüzeppe Konte koronavirusun yayılmasına qarşı mübarizə üçün yeni tədbirlərin tətbiq olunduğunu açıqlayıb. Belə ki, zəruri mallar satan mağazalar və apteklər istisna olmaqla, bütün ticarət fəaliyyəti dayandırılıb.

Cons Hopkins Universitetinin (Johns Hopkins University) bu səhərə olan məlumatına görə, dünya üzrə koronavirusa 126 258 nəfər yoluxub, 4 638 nəfər xəstəlikdən dünyasını dəyişib, 68 266 nəfər sağalıb.

Koronavirus altı qitədə 116 ölkənin ərazisində yayılıb. Yeni növ koronavirusun yaratdığı xəstəlik hazırda "COVID-19" ("CO" – korona, "VI" – virus, "D" – xəstəlik (ingiliscə – disease), "19" – yaranma ili) adlanır.