İradə Cəlilova, Sputnik Azərbaycan
BAKI, 12 mart — Sputnik. Nazirlər Kabinetinin qərarı ilə ali təhsil formalarına dəyişiklik edilib.
Edilən dəyişikliyə əsasən, əyani formada bakalavr və magistr təhsili "part time" və "full time" formada həyata keçiriləcək.
"Part-time" (tədrisə qismən cəlb olunma) əyani təhsilalma formasının bir növü olub, hər semestrdə iki fəndən az olmamaqla tədris qrafiki tələbənin özü tərəfindən planlaşdırılır.
Təhsil eksperti Kamran ƏsədovSputnik Azərbaycan-a açıqlamasında bildirib ki, "full time" təhsilin üstün cəhəti odur ki, bu proqramlara ən çox maliyyə dəstəyi ayrılır. Bütün təqaüd və qrantların 90%-ni "full-time" tələbələri alırlar. Bu təhsil formatı iki il ərzində çalışmamaq imkanına malik olan 23-30 yaşlı insanlara uyğundur. Əksər hallarda şirkətlər full-time məzunları arasında özlərinə potensial əməkdaşlar axtarırlar. Həmçinin bu proqramlar bütün dünyadan ən yaxşı tələbələri cəlb edir.
"Full time" təhsilin çatışmayan cəhəti odur ki, bu proqramlar böyük əziyyət tələb edir. Nəzərə alsaq ki, tələbələr həm də iş axtarmalı olurlar, onların şəxsi həyata vaxtları qalmır. "Part-time" (qiyabi təhsil) təhsil proqramları isə biznes məktəblərinin əsas gəlir mənbəyi hesab edilir. Qiyabi tələbələr bəzən özlərini "ögey uşaqlar" kimi hiss edirlər. Lakin onların proqramına daha çox vəsait yatırılır. "Part-time" təhsilin üstün cəhəti odur ki, bu təhsil formatı 24-35 yaşlı tələbələr üçün nəzərdə tutulub", - deyə K.Əsədov vurğulayıb.
Onun sözlərinə görə, bu proqramlar "full-time" proqramları fakültələrinin əsasında təşkil olunub. Bəzi müəllimlər axşamlar və yaxud istirahət günlərində dərs deməyə üstünlük verirlər. Beləliklə onlar araşdırmalara daha çox vaxt ayıra bilirlər. Yalnız az sayda tələbələr təqaüd alırlar, lakin onlar işəgötürənlər tərəfindən maliyyə dəstəyi alacaqlarına güvənə bilərlər: "Part-time" təhsilin çatışmayan cəhəti odur ki, cəmiyyətdə elə bir fikir formalaşıb ki, qiyabi oxuyan tələbələr bir o qədər rəqabətə layiq deyillər və "full-time" tələbələrindən fərqli olaraq, hərtərəfli deyillər. Bu fərq xüsusilə kiçik şəhərlərdə hiss olunur. Əksər hallarda əmək yarmarkalarının günorta vaxtında keçirildiyinə görə qiyabi proqramlar iş axtarmaq üçün bir o qədər də yaxşı şərait yaratmır. Bundan savayı, qiyabi təhsil iki ildən çox davam edir və onun köməyi ilə nadir hallarda digər sahədə karyera qurmaq mümkün olur".
Ekspert vurğulayıb ki, bütün hallarda edilmiş dəyişiklik təhsilin əlçatımlılığına və əhatə dairəsinin genişlənməsinə böyük imkan verəcək. Bu eyni zamanda bakalavrların magistr təhsili almasına marağını ciddi şəkildə artıracaq.
Təhsil eksperti Qoşqar Məhərrəmovun sözlərinə görə, Nazirlər Kabinetinin doktorantura və magistratura ilə bağlı müvafiq qərarı təhsilin daha əlçatan olacağına yol açacaq.
"Müasir dünyada özünütəlim və ömürboyu təhsil anlayışları çox önə çıxıb. Təhsilin daha əlyetən olmağı və insanların həyat şəraitinə uyğunlaşdırılması təhsil idarəçilərinin qərar mexanizmində mövqe tutanların əsas prioritetlərindəndir. Bu addım müasir dünya təcrübəsi ilə səsləşən bir addımdır. Müəyyən dövrlərdə işləyən insanlar magistratura təhsili ala bilmirdilər. Çünki magistraturaya daxil olduqları zaman onlar işdən çıxmalı olurdular. Yəni insanlar tam zamanlı bir təhsillə yanaşı, tam ştatlı işdə işləyə bilmirlər. Bu da onlarda özünüinkişafın qarşısını alırdı. Amma bundan sonra magistratura təhsili almaq istəyənlər rahatlıqla təhsil ala biləcəklər", - deyə o bildirib.
Ekspertin sözlərinə görə, təhsilə tam zamanlı cəlb olunma və qismən cəlbolunma - hər ikisi əyani təhsilin bir formasıdır. Yəni bunlar müxtəlif təhsil formaları deyil, əyani təhsilin formaları kimi başa düşülməlidir.
"Artıq magistratura təhsilinin qiyabi forması da qanunvericiliklə mümkün hala gətirildi. Qiyabi təhsil formasının dünyada distant və "blended" – yəni qarışdırılmış təhsil forması ilə qiyabiyə yaxın təhsil formaları var. İnsanların narahatlıqları təhsilin keyfiyyəti ilə əlaqədardır. Ölkədə bakalavr ixtisasları üzrə qiyabi təhsil forması var idi. Qiyabi təhsilin vəziyyəti ürəkaçan deyil. Keyfiyyəti, düzgün aparılması, imtahanların düzgün aparılması, dərsliklər şübhə altındadır. Magistratura təhsilinin qiyabi formasında da belə ola bilər. Ancaq ümid edirik ki, ali məktəb idarəçiləri bu məsələdə öz iradələrini göstərəcəklər. Bu prosesin ciddi və standartlara uyğun olmasına nəzarət edəcəklər", - deyə Q.Məhərrəmov əlavə edib.
Ali təhsildə mühüm dəyişiklik - Eksternat ləğv edildi, yeni qaydalar tətbiq olunacaq>>
Magistratura təhsilinin "full time", "part time" və qiyabi formaları təhsil almaq arzusunda olanlar üçün çox əlverişli olacaq. Bununla yanaşı, təhsil alan tələbələr "part time" təhsil formasını seçməklə leqal şəkildə işləyə biləcəklər. Bundan əvvəl isə bu mümkün deyildi.
Təhsil Nazirliyi yanında İctimai Şuranın məsul katibi, təhsil eksperti İlqar Orucov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, əvvəllər magistratura təhsilinin qiyabi forması olub və 2004-cü ildə bu təhsil forması dayandırılıb: "Artıq Nazirlər Kabinetinin yeni qərarı ilə magistratura təhsilinin əyani və qiyabi formaları təsdiq edilib. Bu təkcə Təhsil Nazirliyini, ali təhsil müəssislərini deyil, AMEA-nın magistratura təhsilini də əhatə edəcək. Yəni ölkədə bütün magistr təhsili verən müəssisələr bu qaydalara riayət etməlidir".
Ekspert hesab edir ki, qaydalar dünyada mövcud olan magistr təhsilinin standartları əsasında həyata keçirilməsi ilə uzlaşan bir qərardır.
Belə ki, magistratura təhsilinə qəbul prosesinin tarixi Azərbaycanda o qədər də böyük deyil. "Məsələ burasındadır ki, biz ali təhsil sistemimizi Avropa standartlarına uyğunlaşdırmalıyıq. Eyni zamanda dünyanın qabaqcıl ali təhsil mühiti olan ölkələrin standartlarına uyğunlaşdırmalıyıq", - deyən ekspert hesab edir ki, yeni qərar və qaydalar məhz buna hədəflənib.
İ.Orucov vurğulayıb ki, magistratura təhsili ali-elmi təhsil olduğu üçün bu təhsil pilləsi beynəlxalq standartlara uyğunlaşdırılmalıdır.
Onun sözlərinə görə, bu standartlar Azərbaycan üçün yeni olsa da, Avropa təhsil sistemində çoxdan var: "Fikrimcə, magistratura pilləsində təhsilin keyfiyyətinin yaxşılaşdırılması üçün ali təhsil müəssisələri çalışmalıdır. Biz magistratura səviyyəsində elə təhsil verməliyik ki, bizim məzunlarımız dünyanın əmək bazarının tələblərinə cavab versinlər".