CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Mən yanmasam, sən yanmasan... canımız da sağ olar, malımız da

Kəndlinin illərlə alın təri ilə qurduğu ev və əşyaları qısa müddət ərzində yanıb külə dönür. Ailə qışın oğlan çağında küçədə qalır, əmlakını itirir. Bəzən isə yaşlı insanlar, kiçik yaşlı uşaqlar yanğından xilas edilə bilmir, həlak olurlar
Sputnik

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 12 mart — Sputnik. Kənd yaşayış məntəqələrində mərkəzi istilik sistemi olmadığından soyuq aylarda evlər fərdi qaydada, daha çox sobalar vasitəsilə qızdırılır və bu amil qış fəslində baş verən yanğınların sayının artmasına öz təsirini göstərir. Bunun da əsas səbəbi evlər qızdırılarkən yanğın təhlükəsizliyi qaydalarına əməl edilməməsi, bəzi vətəndaşların səhlənkarlığı, həyətyanı sahədə işləyərkən sobaları yanılı - saatlarla nəzarətsiz vəziyyətdə qoyması, həmçinin həmin müddətdə evdə nəzarətsiz qalan uşaqların odla dəcəllik etməsi olur.

Sputnik Azərbaycan Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin şöbə rəisi daxili xidmət polkovniki Elnur Babayevlə kənd yaşayış məntəqələrində yanğınların baş vermə səbəbləri barədə danışıb.

Mən yanmasam, sən yanmasan... canımız da sağ olar, malımız da

- Elnur müəllim, kənd yaşayış məntəqələrində yanğınların əsas baş vermə səbəbi nədir?

- Səhlənkarlıq. Bu, bəzən çox böyük faciəyə səbəb olur. Kəndlinin illərlə alın təri ilə qurduğu ev və əşyaları qısa müddət ərzində yanıb külə dönür. Ailə qışın oğlan çağında küçədə qalır, əmlakını itirir. Bəzən isə yaşlı insanlar, kiçik yaşlı uşaqlar yanğından xilas edilə bilmir, həlak olurlar. Yaxud da suqızdırıcı cihazın hamam otağında qoyulması, təhlükəsizlik qaydalarının tələbləri pozulmaqla quraşdırılması və istismar edilməsi üzündən yaranan dəm qazı can alır, ailə faciəsi yaşanır.

- Yanğın hadisələri daha çox nə zaman baş verir?

- Yaz, yay ayları kəndlərdə işin gərgin dövrü olur. Bu dövrdə kəndli taxıl, ot yığır, meyvə-tərəvəz məhsullarını toplayır. Tonlarla məhsulu maşına yükləyib həyətə gətirməyin, onu harasa yığmağın, yerbəyer etməyin, yaxud satmağın öz çətinlikləri, əziyyəti var. Təəssüf ki, kənd zəhmətkeşlərinin bəziləri belə əzab-əziyyətlə topladıqları məhsulun haraya yığılması, qorunub-saxlanılması barədə ciddi düşünmür, Dövlət Yanğın Nəzarəti Xidmətinin əməkdaşlarının məhsulun yanğından qorunması barədə tövsiyələrinə məhəl qoymurlar.

Xidmətin inspektorlarının tələblərinə baxmayaraq onlar çox vaxt məhsulu, xüsusən də otu yağış isladıb çürütməsin deyə mal tövləsinin, yaxud evin çardağına, üstündən elektrik xətti keçən əl damına yığıb saxlamağa çalışırlar. Ancaq onlar otu evin çardağına, tövlənin üstünə yığanda sobanın tüstü borusundan çıxan ani qığılcımdan, elektrik xəttində baş verən qısaqapanmadan yanğın törənəcəyi barədə düşünmürlər. Bununla yanaşı, mal tövlələrinin əsasən kənddaxili avtomobil yollarının kənarında inşa edilməsinə üstünlüyün verildiyini və bu tikililərin üzərinə otların yığılmasını nəzərə alsaq, yol keçən şəxs tərəfindən atılmış və küləyin nəticəsində otun üzərinə söndürülməmiş siqaret kötüyünün düşməsi də yanğının baş vermə ehtimalını artırır.

Ümumiyyətlə, tikililərin çardaq hissəsinə yanar materialların, bu halda isə açıq və ya kipləşdirilmiş şəkildə otların yığılması yanğın təhlükəsizliyi qaydalarının tələblərinə zidd olmaqla yanaşı, həm də real təhlükədir.

Yanğın törətdikləri bəs deyil, hələ bir...

Tikinti zamanı kənd yaşayış evləri ilə mal tövlələrinin yanğına qarşı ara məsafələrinə riayət olunmalıdır.

Təbii ki, bəzən, xüsusən də qışda kənddə işıqlar sönə bilər. Bu zaman kimsə tövləyə, əl damına baş çəkərkən oranı işıqlandırmaq məqsədilə kibritdən, çıraqdan istifadə etmək istəyir. Unudur ki, kibritdən çıxan ani qığılcımdan, bəzən də çırağın özündən də yanğın törənir.

- Kənd yaşayış məntəqələrində şəhərdən fərqli olaraq yanğınla mübarizə fərqlidirmi?

- Əlbəttə. Belə ki, baş vermiş yanğının söndürülməsi üçün əlavə köməyə ehtiyac yarandıqda şəhər yerində bu məsələ qısa müddətdə öz həllini tapdığı halda, kənd yaşayış məntəqələrində isə qonşu rayonlara müraciət etmək zərurəti yaranır. Məsafəni və bəzən çətin keçilən dağ yollarını nəzərə alsaq, təhlükənin miqyası böyüyə bilər. Ona görə də kənd təsərrüfatında çalışan hər bir təsərrüfatçı Dövlət Yanğın Nəzarəti Xidmətinin əməkdaşları tərəfindən verilən tövsiyələri icra etməli, öz əmlakı ilə yanaşı, başqalarının da zəhmətinin hədər getməsinə yol verməməlidir.

Həyətlərdə və heyvandarlıq komplekslərində ot, küləş tayaları evlərdən və digər tikililərdən aralıda qurulmalı, ara məsafələri gözlənilməli, eyni zamanda hər tayanın arası şumlanmalıdır ki, bir tayada yanğın baş verdikdə digərinə keçmə ehtimalı azalsın.

Xatırladaq ki, son vaxtlar kənd yerlərində evlərdə və təsərrüfat sahələrində yanğınlar həm maddi zərərlərə yol açıb, həm də insanların xəsarət almasına səbəb olub. Martın ilk günündə İsmayıllı rayonunun Quşencə kəndində Osmanlı Əli Əhliman oğluna məxsus mənzildə qaz sızması səbəbindən güclü partlayış baş verib. Hadisə zamanı ev dağılaraq yararsız hala düşüb, 3 nəfər xəsarət alıb.

Martın 9-da Nügədiqazmalar və martın 10-da Yuxarı Tüləkəran kəndləri ərazilərində ehtiyatsızlıqdan meşə və quru otlaq, eləcə də bağ sahələri, martın 11-də Zaqatala rayonunun Qalal kəndi ərazisində mürəkkəb relyefli dağlıq ərazidə yanğın olub.