BAKI, 11 mart — Sputnik. İstanbulda yerləşən dünyanın ən iri İslam mədəniyyəti nümunələrinin saxlandığı Türk və İslam Əsərləri Muzeyində qədim və nadir Azərbaycan xalçalarının sərgisi və kitab-kataloqun təqdimat mərasimi keçiriləcək.
Sputnik Azərbaycan xəbər verir ki, "Türk və İslam Əsərləri Muzeyi kolleksiyasından Azərbaycan xalçaları" layihəsi iki ölkə muzeyləri arasında həyata keçirilən ilk layihədir. Layihənin əsas məqsədi Türk və İslam Əsərləri Muzeyinin kolleksiyasında qorunub saxlanılan Azərbaycan xalçalarının elmi atribusiyası sahəsində tədqiqatın aparılmasıdır.
Layihə Azərbaycan Milli Xalça Muzeyinin təşəbbüsü ilə həyata keçirilir. Təşkilatçılar Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycanın Mədəniyyət Nazirliyi, Türk və İslam Əsərləri Muzeyi və Azərbaycan Milli Xalça Muzeyidir. Sərgidə Türk və İslam Əsərləri Muzeyinin kolleksiyasındakı XVII-XIX əsrlərə aid on iki ədəd nadir Azərbaycan xalçası nümayiş olunacaq. Onların arasında Azərbaycan xalçaçılığının unikal qoluna aid "Xətai" ("Əjdahalı") və "Çələbi", özünün mükəmməl bədii ornamentlərində Qarabağın gözəlliyini əks etdirən "Qoca" və qədim türk tayfalarının simvolları olan damğalarla bəzədilmiş "Dağkəsəmən" xalçaları da var. Sərgidə Türk və İslam Əsərləri Muzeyinin kolleksiyasındakı Azərbaycan xalçaları yenilənmiş atribusiya mətnləri ilə təqdim olunacaq.
Qeyd edək ki, martın 13-də start götürəcək sərgi iyunun 13-dək davam edəcək.