Dünyanı ağuşuna alan virus Türkiyəyə də çatdı – İlk xəstə

Xəstəliyə yoluxmuş Türkiyə vətəndaşının hansı şəhərdə yaşadığı və ya hansı xəstəxanada müalicə aldığı açıqlanmır.
Sputnik

BAKI, 11 mart — Sputnik. Türkiyə çərşənbə günü koronavirusa ilk yoluxma faktını qeydə alıb. Sputnik Azərbaycan "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bunu Səhiyyə naziri Fəxrəddin Koca deyib. 

Koronavirus dəhşəti: "İranlı şəhidlər", İtaliyanın "rekordu" və xəstə səhiyyə naziri

Koca paytaxt Ankarada keçirilmiş mətbuat konfransında kişi vətəndaşın koronavirus testinin nəticəsinin müsbət olduğunu bildirib.

O, xəstənin Avropadan qayıtdığını deyib.

"O, tam təcrid edilib. Xəstənin ümumi vəziyyəti yaxşıdır. Onun ailəsinin bütün üzvləri və onunla təmasda olmuş şəxslər nəzarət altındadır", – Koca əlavə edib.

"Sözcü" nəşri isə xəbər verir ki, koronavirusa yoluxmuş şəxsin hansı şəhərdə yaşadığı və ya hansı xəstəxanada müalicə aldığı açıqlanmır.

Rəsmi olaraq "COVID-19" kimi tanınan koronavirus, ilk dəfə ötən ilin dekabrında Çinin Uhan şəhərində aşkar edilib.
Con Hopkins Universitetinin (John Hopkins University) məlumatına görə, dünya üzrə koronavirusa 118 100 nəfər yoluxub, 4260 nəfər xəstəlikdən dünyasını dəyişib.
Koronavirus altı qitədə 100-dən çox ölkənin ərazisində yayılıb.