BAKI, 11 mart — Sputnik. "Ölkədə nağd valyuta ehtiyatları yaradılıb və bankların bütün tələbləri gün ərzində hərraclarda tam şəkildə ödənilir.
Sputnik Azərbaycan xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov deyib.
AMB sədri əhalini sakit olmağa çağırıb: "Mən əhalimizi sakitliyə çağırmaq istəyirəm. Hökumətin, Mərkəzi Bankın gördüyü tədbirlərə əsasən deyə bilərəm ki, biz bunu çox təmkinli, tam hazırlıqlı şəkildə qarşılayırıq. Ölkənin problemini layiqli qarşılamaq üçün bizim kifayət qədər imkanımız var. Dünən hökumətin açıqlamasında deyildi ki, hökumətin və Mərkəzi Bankın "B" planı var. Bu “B” planı məhz neftin bu qiyməti, yəni 30-35 ABŞ dollara enməsinə hazırlanıb. Faktiki olaraq, indi bu planla hökumət fəaliyyət göstərir və biz bu problemi tez bir zamanda həll etmək əzmindəyik. Əhaliyə çağırışımız ondan ibarətdir ki, onlar hərəkətləri ilə bizə köməkçi ola bilərlər ki, biz bu problemi daha tez həll edək".
O diqqətə çatdırıb ki, biz bu gün hələlik strateji valyuta ehtiyatlarından istifadə haqqında düşünmürük.
"Kifayət qədər cari ehtiyatlarımız var. Dövlət Neft Fondunun transfertləri dəyişmir. Tam həcmdə qanunla müəyyənləşib. Mərkəzi Bankın öz ehtiyatları var. Maliyyə Nazirliyinin əhəmiyyətli valyuta ehtiyatı var. Bütün bu ehtiyatlardan tam istifadə edəcəyik. Güman edirəm ki, bu problem biz gözlədiyimizdən daha tez başa çatacaq. Lakin bizim strateji valyuta ehtiyatlarımızın olduğunu da unutmaq lazım deyil", - E.Rüstəmov əlavə edib.