BAKI, 11 mart - Sputnik. "Şadam ki, iqtisadi-ticari sahədə işlər yaxşı gedir, əmtəə dövriyyəsinin artımında yaxşı dinamika müşahidə olunur. Bu gün biz nəqliyyat-logistika sahəsi haqqında ətraflı söhbət etdik, müvafiq dövlət strukturlarına bu istiqamətdə işin intensivləşdirilməsinə, ölkələrimizin tranzit-nəqliyyat potensialının möhkəmləndirilməsinə dair səylərin əlaqələndirilməsi barədə tapşırıqlar verdik".
Sputnik Azərbaycan xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovla mətbuata bəyanatlarla çıxış edərkən bildirib.
Dövlət başçısı deyib: "Həm Türkmənistanda, həm də Azərbaycanda nəqliyyat infrastrukturuna çox böyük diqqət yetirildiyini nəzərə alaraq, biz bu infrastrukturun modernləşdirilməsi yolunda praktiki olaraq paralel addımlayırıq. Bu gün bizim əsas limanlarımız əlaqələndirilmiş, uzlaşdırılmış şəkildə işləyir və ərazilərimizdən keçən yükləri artırmağa imkan verir. Biz digər ölkələrə də öz tranzit potensialımızı təqdim edirik. Hesab edirəm ki, bu gün biz həmin potensialın möhkəmləndirilməsi barədə mühüm qərar qəbul etmişik. İnfrastruktur imkanlarının təmin edilməsi və yük axınının artırılmasına şərait yaradılması üçün əlavə tədbirlər görüləcək. Təbii ki, qonşularımızla sıx qarşılıqlı əlaqədə və xoş münasibətlərdə olduğumuza görə həmin dövlətlərdən daha çox yükgöndərənləri cəlb edəcəyik və mahiyyət etibarilə uzunluğu min kilometrlərlə ölçülən yeni nəqliyyat dəhlizi yaradacağıq. Beləliklə, ölkələrimizin daha da inkişaf etməsi üçün əlverişli şərait yaradacaq, regional əməkdaşlığı möhkəmləndirəcəyik".