BAKI, 11 mart — Sputnik. "Hazırda koronavirus qlobal problem olduğuna görə bütün dünya bu vəziyyətdən çıxmağın yollarını araşdırır. Biz də təbii olaraq anlayırıq ki, bununla bağlı çox ciddi dəstəyə ehtiyacı olanlar var. Amma gəlin qəbul edək ki, indiki məqamda bu çox tezdir".
Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Dövlət Turizm Agentliyinin Aparat rəhbəri Kənan Qasımov deyib.
Onun sözlərinə görə, Dövlət Turizm Agentliyi sənaye üzvləri ilə daim görüşlər keçirir, problemləri dinləyir, çıxış yolları ilə bağlı müzakirələr aparır: "Koronavirusun yaratdığı qlobal böhranın turizm müəssisələrinə vurduğu zərəri müəyyən etmək üçün hesablamalar aparılacaq. Digər ölkələrin də təcrübəsi öyrənildikdən sonra biz dövlət qurumu olaraq təkliflə çıxış edəcəyik. Hesab edirəm ki, dövlət bu məsələni diqqətdə saxlayır. Növbəti günlərdə bununla bağlı işlər görüləcək".
K.Qasımov deyib ki, hazırda konkret addımların nədən ibarət olacağını demək hələlik tezdir: "Çünki bununla bağlı dəqiq açıqlamalar olmalı, qiymətləndirmələr aparılmalıdır. Bundan sonrakı mərhələdə artıq ətraflı informasiya vermək mümkün olacaq. Amma onu bilmək lazımdır ki, həm otellərlə, həm biletlərin ləğv olmaları ilə bağlı məlumatlar toplanır. Bütün bu məlumatlar əldə olunduqdan sonra dəstək mexanizmləri həyata keçirilə bilər. Burada vergidən azad olunma və digər məsələlər var. Amma hələlik bunlar variantlardır, bunun necə olacağını hələ ki, bilmək olmur. Bir məsələ xüsusi qeyd olunmalıdır ki, dünyada bütün turizm şitkətləri bu məsələ ilə bağlı böhran yaşayır".
Aparat rəhbəri bildirib ki, turizm sənayesi nə qədər zərər görəcəyinə baxmayaraq, bu cür proseslərə də özünü hazırlamalıdır. "Bu, onun üçün lazımdır ki, sənaye yenidən öz siyasətini müəyyənləşdirsin, baxsın. Biz hesab edirik ki, böhran yekunlaşdıqdan sonra ölkəyə turistlərin qəbuluna hazır və daha çevik olmalıyıq".