CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Neft bazarında ajiotaj: "böyüklər"in qərarını mərkəzi banklar götür-qoy etməli olacaq

Ekspert: "Əgər neftin qiymətləri 30-40 dollar arasında olarsa, ölkəyə gələn valyutanın həcmi azalacaq, xarici ticarətdə mənfi saldo yaranacaq və manata da ciddi təzyiqlər olacaq"
Sputnik

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 10 mart — Sputnik. Bazar ertəsi, martın 9-da dünyada neftin qiymətində son 30 ildə ən kəskin ucuzlaşma baş verib. Sputnik Azərbaycan xəbər verir ki, neftin qiyməti gün ərzində 31% ucuzlaşmaqla 1991-ci ildəki Körfəz müharibəsindən bəri ən aşağı səviyyəyə enib. "Brent" markalı neftin qiyməti 31 dollara düşüb. "Goldman Sachs" bankı neftin 20 dollara düşəcəyi barədə xəbərdarlıq edib. Bu gün isə neftin qiyməti 7% bahalaşıb.

Ekspertlər neftin qiymətinin kəskin ucuzlaşmasını Sputnik Azərbaycan-a şərh ediblər.

"Bazarda qan töküləcək" - Neft şoku dünya mətbuatında

İqtisadçı ekspert Natiq Cəfərli Sputnik Azərbaycan-a deyib ki, neft bazarında baş verən hadisələrin obyektiv və subyektiv səbəbləri var: "Obyektiv səbəbə görə, son iki həftədə koronavirus ilə bağlı neftin qiymətində enmə trendi var idi, çünki dünyada iqtisadi fəallıq azalmışdı. Bir çox ölkələrin sərhədləri bağlanır, istehsal sahələri azalır, dünya turizmində təxminən 35 faizə yaxın azalma var. Bütün bunlar obyektiv olaraq neftə olan tələbatın azalmasına səbəb olub və neftə olan tələbat azaldıqca qiymətlərin də azalmasını son həftələrdə müşahidə edirdik".

O bildirib ki, amma keçən həftənin sonu Vyanada keçirilən OPEC-ə üzv və qeyri-OPEC ölkələrinin nazirlərinin görüşü neft qiymətlərinin çox kəskin şəkildə ucuzlaşması üçün əsas yaratdı: "Çünki Səudiyyə Ərəbistanı neft hasilatının daha 1,5 milyon barel azaldılmasını təklif edib, amma Rusiya bu təklifə razı olmayıb. Düşünürəm ki, Rusiya bu addımla daha strateji bir qərar verib. Çünki son 4 ildə ABŞ-da neft hasilatı 4,5 milyon barel artıb. 2016-cı ildə ABŞ-da gündəlik neft hasilatı cəmi 8,6 milyon barel idi, Rusiya-OPEC anlaşmasından sonra qiymətlər qalxdı və bu gün ABŞ-da gündəlik neft hasilatı 13,1 milyon bareldir. Yəni 2016-cı ildə neft qiymətlərinin süni şəkildə yuxarı çəkilməsi prosesinə start verildi və bundan ən çox qazanan isə ABŞ-ın neft istehsalçıları oldu".

"Fikrimcə, Rusiya bazarda 1 il, 1,5 il şok effekti yaradaraq zəif oyunçuların, hasilatda maya dəyəri yüksək olan oyunçuların, əsasən ABŞ-da kiçik istehsalçıların bazardan çıxarılması və nəticə etibarı ilə təbii yolla hasilatın dünyada azaldılması ilə bağlı qərar verib. Bu, strateji qərardır və bu qərar neft qiymətlərini hələ uzun zaman, ən azı, 1-2 il müddətində aşağı səviyyələrdə saxlamağa şərait yaradacaq", - deyə o qeyd edib.

Ekspert bildirib ki, Səudiyyə Ərəbistanında neft hasilatının maya dəyəri çox aşağıdır: "1 barel neft 7-8 dollara başa gəlir və hasilatı kəskin artırmaq imkanları da var. Səudiyyə Ərəbistanı hazırda endirim kampaniyası elan edib, aprelin 1-dən həm qiymətləri aşağı salacaq, həm də hasilatı artıracaq. Amma yaxın 1-2 il müddətində təbii yolla, bazarda oyunçuların azalması yolu ilə qiymətlərin artmasını müşahidə etsək, qiymətlər daha sabit olacaq. Gələcəkdə yeni bir anlaşmanın olması ehtimalı çox aşağıdır".

Azərbaycan fevralda neft hasilatını azaldıb

Neft bazarında baş verənlərin Azərbaycana təsirinə gəlincə ekspert bildirib ki, ölkəmiz neft bazarında kiçik oyunçudur: "Əgər neftin qiymətləri 30-40 dollar arasında olarsa, ölkəyə gələn valyutanın həcmi azalacaq, xarici ticarətdə mənfi saldo yaranacaq və manata da ciddi təzyiqlər olacaq. Uzun müddət neftin qiyməti aşağı qalarsa, Mərkəzi Bank devalvasiya üçün düşünə və müəyyən addımlar ata bilər. Ümumiyyətlə, bu il ərzində dünyada neftin qiymətinin təqribən 40-45 dollar arasında olması ehtimalı çox yüksəkdir".

İqtisadçı ekspert Rəşad Həsənov isə Sputnik Azərbaycan-a deyib ki, indiki halda neft bazarında vəziyyətin proqnozlaşdırılması kifayət qədər mürəkkəbdir: "Koronavirusa görə neftin qiymətinin azalacağı əvvəlcədən proqnozlaşdırılırdı. Amma ötən həftə Rusiya ilə OPEC arasında razılığın əldə olunmaması, hər iki tərəfin hasilatın genişləndirilməsi istiqamətində mövqe ortaya qoyması bazarda qiymətlərin kəskin şəkildə ucuzlaşmasına gətirib çıxardıb. Yaxın müddətdə neft qiymətlərinin bahalaşacağını demək kifayət qədər çətindir".

"Amma mövcud şərtlər ABŞ-da neft hasilatının hazırkı səviyyəsini qoruyub saxlamağa kifayət etmir, çünki şist neftinin maya dəyəri yüksəkdir. Bu prosesin bir neçə ay davam etməsi növbəti dövrdə məhz şist neftinin hasilatının dayandırılması fonunda bazarda təklifin azalmasına gətirib çıxarda bilər. Bu isə öz növbəsində yenidən bazarda qiymətlərin müəyyən qədər optimallaşmasına şərait yarada bilər", - deyə iqtisadçı qeyd edib.

O bildirib ki, amma indiki halda bazarın reaksiyası kifayət qədər sərt oldu və ajiotaj xarakterli bir reaksiyadır: "Artıq qiymətlərin korreksiyası başlayıb. Gözlənilən odur ki, həftənin sonunadək qiymətlər 40 dolların üzərinədək bahalaşa bilər. Amma qiymətlərin daha çox bahalaşması siyasi qərarlardan asılı olacaq. Prosesin nə qədər davam edəcəyi tərəflərin, xüsusilə neft istehsal edən ölkələrin ortaya qoyacağı mövqedən daha çox asılı olacaq".

Azərbaycana təsirinə gəlincə ekspert bildirib ki, ölkəmiz faktiki dövlət büdcəsinin gəlirlərində, ixracda, iqtisadiyatda neftən asılı ölkədir: "Neft bazarında baş verən bu proses uzun müddət davam edərsə, bu, ilk növbədə tədiyə balansında tarazlığın pozulmasına gətirib çıxardacaq, eyni zamanda psixoloji təzyiqlər fonunda manatın devalvasiyası ilə nəticələnəcək".

Qeyd edək ki, Beynəlxalq Enerji Agentliyinin icraçı direktoru Fatih Birol bildirib ki, neftin qiymətindəki ucuzlaşma davam edəcək və bu, ixracatçı ölkələr üçün böyük problem yaradacaq: “2009-cu ildən bəri ilk dəfə qlobal neft tələbatında azalma gözləyirik. Tələbatın azalması və tədarükdəki artım neftin qiymətini aşağı salacaq. Qlobal iqtisadiyyat çox çətin bir dövrdən keçəcək. Səudiyyə Ərəbistanı və Rusiya kimi ölkələr daha çox ehtiyatlara sahibdirlər. Bu ölkələrin çətinliklərə davamlılığı daha uzun çəkəcək. Lakin hazırkı qiymət həmin ölkələr üçün də davamlı deyil. Neftin aşağı qiyməti əbədi olmayacaq, ancaq bir müddət davam edəcək. Koronavirus hazırda dünyada bir nömrəli problemdir”.