CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Eldar Sultanov: "Aysel Ələkbərzadə feminist hərəkatının qurbanıdır"

Aksiyanın təşkilatçıları, fəalları, eləcə də Rəbiyyə Məmmədova, Nərmin Şahmarzadə, Xədicə İsmayıl və digər şəxslərin dindirilməsi təmin olunacaq.
Sputnik

BAKI, 10 mart - Sputnik. Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri Eldar Sultanov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, istintaq əsas fərziyyə kimi Aysel Ələkbərzadənin feminist hərəkatının ayrı-ayrı üzvləri tərəfindən qanunsuz aksiyanın qurbanına çevrilməsi istiqamətində aparılır.

Cinayət işi üzrə feministlərin fəalları Aslan Həmidli, Nurlan Cəfərov (Nurlan Libre təxəllüslü), Yusif İsayev dindiriliblər.

Aysel Ələkbərzadənin aksiya zamanı istifadə etdiyi provokasiya xarakterli şüarın kimlərin təşəbbüsü ilə hazırlanması, ona təqdim olunması və aksiyada nümayiş etdirilməsi xüsusatları araşdırılır və qanunazidd hərəkətlərə yol vermiş şəxslər barəsində ciddi tədbirlər görüləcək.

Aksiyanın təşkilatçıları, fəalları, eləcə də Rəbiyyə Məmmədova, Nərmin Şahmarzadə, Xədicə İsmayıl və digər şəxslərin dindirilməsi təmin olunacaq.

Martın 10-da saat 05:42-də 24 yaşlı işsiz Ələkbərzadə Aysel Elşən qızı tanışı Yusif İsayevlə spirtli içki qəbul edib kirayədə yaşadığı paytaxtın Yasamal rayonu ərazisindəki yüksək mərtəbəli binanın ikinci mərtəbəsində yerləşən mənzilin pəncərəsindən intihar məqsədilə özünü atıb.

Sputnik Azərbaycan Baş Prokurorluğun məlumatına istinadla xəbər verir ki, A.Ələkbərzadə kəllə-beyin və bir ayağının sınığı xəsarəti ilə Kliniki Tibbi Mərkəzin Reanimasiya şöbəsinə yerləşdirilib və hazırda vəziyyəti orta-ağırdır, müalicəsi üçün zəruri tədbirlər görülür.

 

Faktla bağlı Yasamal rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb.

İlkin istintaqla müəyyən edilib ki, A.Ələkbərzadə martın 8-də Bakı şəhərində bir qrup feministlər tərəfindən təşkil olunan icazəsiz aksiyada fəal iştirak etmiş və aksiyada əlində tutduğu şüarda əks olunmuş fikirlərə görə bəzi sosial şəbəkə istifadəçilərinin ciddi ictimai qınağına məruz qalıb.