İQTİSADİYYAT

Neftlə bağlı daha bir proqnoz

"Bu həcmə göstəricilərin fevralda sutkada 4.2 milyon barelədək düşməsi də daxildir, bunun sutkada 3.6 milyon bareli isə Çinin payına düşüb"
Sputnik

BAKI, 9 mart — Sputnik. Dünya Enerji Agentliyi (DEA) 2020-ci il üzrə koronavirusla bağlı vəziyyətə görə neftə olan tələbat barədə proqnozunu endirib, hazırda baza senarisi üzrə göstəricilərin sutkada 90 min barel, pessimist senari üzrə isə - 730 min barelədək azalmasını gözləyir.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, bu minvalla tələbatın azalması 2009-cu ildən bəri ilk fakt olacaq. DEA ilin ilk yarımilində tələbatın sutkada 2.5 milyon barel azalmasını proqnozlaşdırır, ikinci yarımildə isə göstəricinin "normal"a dönməsi gözlənilir. Bu barədə agentliyin mart hesabatında yazılıb.

"Covid-19 (koronavirus) Çindən kənarda yayılır və bizim 2020-ci il üçün neft tələbatı üzrə baza proqnozumuz sutkada 1.1. milyon barel endirilib. 2009-cu ildən bu yana ilk dəfə tələbatın illik azalmasının sutkada 90 min barelədək olacağı gözlənilir", - DEA ekspertləri  bildiriblər. Ancaq onlar güman edirlər ki, ilin ikinci yarısında vəziyyət sabitləşərək, "normala" doğru dəyişəcək.

"Bazarda qan töküləcək" - Neft şoku dünya mətbuatında

Pessimist senarinin inkişafı halında isə, yəni Asiya və Avropa ölkələrinin koronavirusdan ləng bərpa olunacağı təqdirdə, neftə olan tələbat sutkada 730 min barelədək düşə bilər.

İndiki göstəricilərə gəlincə, DEA-nın qiymətləndirməsinə görə, ötən ilin analoji dövrü ilə müqayisədə dünyada neftə tələbat bu ilin ilk rübündə sutkada 2.5 milyon barelə düşüb.

"Bu həcmə göstəricilərin fevralda sutkada 4.2 milyon barelədək düşməsi də daxildir, bunun sutkada 3.6 milyon bareli isə Çinin payına düşüb", - hesabatda deyilir.

OPEK-ə daxil olmayan ölkələrin neft təklifi ilə bağlı proqnozunu isə DEA sabit saxlayıb. Adıçəkilən hesabatda bildirilir ki, bu göstəricinin sutkada 2.1 milyon barelədək artaraq 67.1 milyona çatması gözlənilir. Bu proqnoz agentliyin fevraldakı gözləntisini,dcemək olar ki, təkrarlayır.

Eyni zamanda qeyd olunur ki, cümə günü OPEK+ ölkələrinin neft hasilatının azaldılması barədə razılığa gələ bilməməsi bazarda həm tələb, həm təklif baxımından həddən artıq qeyri-müəyyənlik yaradıb.