BAKI, 9 mart — Sputnik. Millət vəkillərinin koronavirusla bağlı həkim müayinəsindən keçmə prosesi bu gün yekunlaşıb.
Sputnik Azərbaycan bildirir ki, Milli Məclisin mətbuat xidmətindən verilən məlumata görə, artıq bir neçə gündür, Milli Məclisdə koronavirusla bağlı tədbirlər aparılır: “Millət vəkillərinin hamısı test və müayinə olunub. Deputatların çoxu dünən Milli Məclisə çağırılıb və müayinədən keçib. Müayinədən keçməyən deputatlar isə bu gün Milli Məclisə dəvət olunublar. Artıq proses yekunlaşıb”.
Qeyd edək ki, martın 5-də Konstitusiya Məhkəməsi Plenumunun xüsusi konstitusiya icraatı üzrə iclasında VI çağırış Milli Məclisə keçirilmiş seçkilərin nəticəsi təsdiqlənib. Nəticələrə əsasən, 125 seçki dairəsinin 121-dən Milli Məclisə deputat seçilib.
Milli Məclisə seçkilərdə 33 saylı Xətai birinci, 35 saylı Xətai üçüncü, 74 saylı Lənkəran kənd və 80 saylı İmişli-Beyləqan seçki dairəsinin nəticələri isə etibarsız sayılıb.