Virus qiyamı başladı – Toqquşmalar zamanı öldürülənlər var

Virus əleyhinə tədbirlərə görə başlayan qiyamın mühafizə tərəfindən yatırılması zamanı 6 nəfər öldürülüb
Sputnik

BAKI, 9 mart — Sputnik. İtaliyada yaxınları ilə görüşmə qadağası və digər məhdudiyyətlər səbəbindən həbsxana qiyamları başlayıb.

Sputnik Azərbaycan “Corriera della Sera”ya istinadla xəbər verir ki, virus əleyhinə tədbirlərə görə başlayan qiyamın mühafizə tərəfindən yatırılması zamanı 6 nəfər öldürülüb. Onlardan 3 nəfəri ölkənin şimalındakı Modena şəhərində, daha 3 nəfəri digər şəhərlərdə öldürülüb. Ən azı 18 nəfər yaralanıb. Fodjedə 50 nəfər həbsxanadan qaçıb. Vəziyyəti nəzarət altına almaq üçün ordu qüvvələri cəlb edilib.

Bir çox dustaqlar koronovirusun yayılması səbəbindən amnistiya tələb edirlər. Onlar həbsxana baraklarının damına çıxır, yataqlarını yandırır və hətta tibb müəssisələrini ələ keçirməyə cəhd edirlər. Etirazlar Milan, Roma, Salerno, Neapol, Palermo, Fodje və digər şəhərləri əhatə edib.

Son məlumatlara görə, İtaliyada virusa 7,5 minə yaxın insan yoluxub. Ən azı 366 nəfər ölüb.