Harada bir çinli gördün...

Çinli tələbələr sosial şəbəkələrdə bildiriblər ki, ictimai yerlərdə maska taxdıqlarına görə "polislər" onları 150 avro (171 ABŞ dolları) məbləğində cərimə ediblər
Sputnik

BAKI, 9 mart — Sputnik. Fransada saxta polislər çinli tələbələri ictimai yerlərdə maska taxdıqlarına görə 171 dollar cərimələyiblər.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, bu barədə Çinin Parisdəki səfirliyi məlumat yayıb.

"Bu günlərdə çinli tələbələr sosial şəbəkələrdə bildiriblər ki, ictimai yerlərdə maska taxdıqlarına görə "polislər" onları 150 avro (171 ABŞ dolları) məbləğində cərimə ediblər. Səbəb kimi isə üzün gizlədilməsini qadağan edən qanunu pozduqları göstərilib. Hüquq müdafiəçiləri və Fransa polisi araşdırmalardan sonra müəyyən ediblər ki, həmin adamlar heç də polis deyillər və tibbi səbəblərə görə maska taxmaq qanuna zidd deyil", - səfirliyin məlumatında deyilir. 

Son məlumatlara görə, Çində koronavirusa yoluxanların sayı 80735-ə çatıb, 5111 nəfərin vəziyyəti ağırdır, 58600 adam xəstəxanadan evə yazılıb, ölənlərin sayı isə 3119-a çatıb.

Çin hökuməti 2019-cu il dekabrın 31-də Ümumdünya Səhiyyə Təşkilatını (ÜST) Hubey əyalətinin Uhan şəhərində naməlum sətəlcəm xəstəliyinin yayılması barədə məlumatlandırıb. Mütəxəssislər xəstəliyin törədicisinin yeni növ koronavirus olduğunu müəyyən ediblər.

ÜST bu xəstəliyin yayılmasını beynəlxalq əhəmiyyətli fövqəladə hal kimi tanıyıb.

Yeni növ koronavirusun yaratdığı xəstəlik hazırda "COVID-19" ("CO" – korona, "VI" – virus, "D" – xəstəlik (ingiliscə – disease), "19" – yaranma ili) adlanır.