Nigar İsgəndərova, Sputnik Azərbaycan
BAKI, 9 mart — Sputnik. Bu gün bir çox ölkələr həm daha çox gəlir əldə etmək, həm də ekoloji mühitə fayda vermək məqsədilə orqanik məhsullara maraqlarını artırıblar. Azərbaycan da belə ölkələrdən biridir. Artıq ölkəmizdə də orqanik məhsul istehsalına və istehlakına maraq yaranıb.
Orqanik məhsulun sadə bir tərifi var: sintetik kimyəvi gübrələr, pestisidlər, artım requlyatorları və yem qatqılarının istifadəsinə tam olaraq və ya əhəmiyyətli dərəcədə yol verilməyən istehsal sistemi ekoloji təmiz kənd təsərrüfatı məhsulu – orqanik məhsul adlanır.
Maraqlıdır, Azərbaycanın orqanik məhsul istehsal etmək imkanları nə qədərdir?
Ekoloji Təmiz Məhsul İstehsalçıları və İxracatçıları Assosiasiyasının (AOPE) sədri Emin Əliyev Sputnik Azərbaycan-a açıqlamasında bu haqda danışaraq öncə belə məhsulların ətraf mühitə təsirlərindən söz açıb: "Biz qeyri-kommersiya fəaliyyəti ilə məşğul olaraq ölkədə orqanik məhsul istehsalçılarını ətrafımızda birləşdirir, onların dünya bazarlarına çıxarılması üçün köməklik edir, beynəlxalq sərgilərə çıxış imkanı yaratmağa çalışırıq. Öncə onu qeyd edim ki, orqanik məhsul istehsalı yalnız istehlakçıların sağlam qidalanması üçün deyil, o cümlədən də ekoloji tarazlıq, iqlim dəyişiklikləri problemlərinin azalması baxımdan da əhəmiyyətlidir. Bu prosesin inkişaf dinamikasının əsas mahiyyəti də məhz bu amillərə əsaslanır. Orqanik məhsulların digərlərindən fərqini görmək üçün təkcə pambıqdan danışsaq, müəyyən təsəvvür yaratmış olarıq. Ənənəvi pambıq istehsalında kimyəvi gübrə və dərmanlardan istifadə olunduğu üçün insan, təbiət, iqlim üçün kifayət qədər zərərləri müşahidə olunur. Hətta 2018-ci ildə bir neçə şəxs pambıq becərilməsi prosesində dərmanlardan zəhərlənmişdi. Belə pambıqdan hazırlanan məhsulların insan orqanizminə mənfi təsirləri barədə istehlakçıların hüquqlarını qoruyan ekspertlər də son dövrlər daha tez-tez münasibət bildirməyə başlamışdırlar. Bu səbəbdən də biz orqanik pambıq istehsalının populyarlaşmasının və fermerlərin bu sahəyə meyl etməsinin tərəfdarıyıq. Amma təəssüflər olsun ki, hazırda ölkəmizdə orqanik pambıq istehsalı yox səviyyəsindədir. Biz İqtisadiyyat, Kənd Təsərrüfatı, Ekologiya və Təbii Sərvətlər Nazirlikləri, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi ilə birlikdə stimullaşdırıcı tədbirlərin həyata keçirilməsinə çalışırıq və artıq İqtisadiyyat Nazirliyi ilə bu sahədə sıx əməkdaşlıq edirik. Fürsətdən istifadə edərək İqtisadiyyat Nazirliyinin bizə dəstək verən fədakar əməkdaşlarına təşəkkürümü bildirirəm".
Sədr deyir ki, orqanik pambıqdan əldə edilmiş parçalarla orqanik geyim istehsalı əlavə dəyər yaratdığı üçün belə məhsullar daha baha satılır. Orqanik pambığa dünya bazarlarında yüksək tələbat olduğuna görə onu dünya bazarına çıxartmaq da mümkündür: "Bizim bu işdə peşəkar olan mütəxəssislərimiz də var. Biz orqanik məhsulun yetişdirilməsi ilə bağlı fermerlərə hər cür maarifləndirici dəstəyimizi də vermişik və bundan sonra da il ərzində bu cür layihələr icra edəcəyik".
E.Əliyevin sözlərinə görə, orqanik məhsulların bazar dəyəri çox yüksək olur və digər məhsullardan 3-7 dəfə baha qiymətə satılır: "Belə məhsulların yetişdirilməsi üçün orqanik gübrələrdən, toxumlardan, tinglərdən, dərmanlardan istifadə olunur. Müvafiq standartlara uyğun prosesin gedişatında orqanik sertifikat verilir və bu standartlara əməl olunmasına daim nəzarət edilir. Orqanik təsərrüfat yaratmaq o qədər də asan bir iş deyil. Bu iş əlavə enerji və xərclər deməkdir. Bu səbəbdən də istehsal olunan belə məhsullar bazara baha qiymətə çıxarılır".
"Azərbaycan nəinki orqanik xammal istehsal edə, eyni zamanda da dəyər zəncirinin son məhsulunu ərsəyə gətirərək dünya bazarına çıxarda bilər. Lakin bütün bu işlərin görülməsi müəyyən dövr, zaman tələb edir", - deyə o əlavə edib.
Assosiasiya rəhbəri xarici bazarlarda bizim məhsullara böyük maraq və tələbatın olduğunu söyləyir: "2017-ci ildə Yaponiyada olduğum müddətdə sertifikatlaşdırılmış Azərbaycan balına böyük tələbatın olduğunu görmüşəm. Lakin təəssüflər olsun ki, hazırda yerli bal istehsalçılarımız xaricə məhsul göndərməkdə maraqlı deyil. Çünki istehsalçılar yerli tələbatın çox olması səbəbi ilə xarici bazarlara diqqət ayırmırlar. Son dövrlər Arıçılar Assosiasiyasının da apardığı maarifləndirici tədbirlərin nəticəsində dünya bazarlarına çıxmağa maraqlı olan arıçılar orqanik bal istehsalına da maraq göstərirlər. Biz Arıçılar Assosiasiyası ilə sıx əməkdaşlıq edirik və 18 dekabr 2019-cu il tarixdə bu Assosiasiya ilə əməkdaşlıq memorandumu imzalamışıq".
Orqanik məhsul istehsalında əsas problem isə sertifikasiya ilə məşğul olan bir milli qurumun olmamasıdır: "Assosiasiyamız yaradılandan etibarən, yəni ötən ilin avqustundan yerli sertifikasiya şirkətinin yaranmasına böyük ehtiyac olduğunu və bu təşkilatın zəruriliyini hər fürsətdə sahibkarlara bildirir. Bu şirkət istehsalçıların fəaliyyətlərinin dünya standartlarına uyğun qurulmasını dəstəkləməklə onların standartlara uyğun məhsul ərsəyə gətirməsinə səbəbkar ola bilər. Məndə olan məlumata görə artıq “Bio Azərbaycan” adında bir qurum təsis edilib və beynəlxalq əməkdaşlıqlara başlanılıb”.
Emin Əliyev daha sonra bildirdi ki, Azərbaycanın "Made in Azerbaijan" brendi adı altında istehsal olunaraq xaricə ixrac olunan orqanik malları var. Nar suyu, nar şərabı, müxtəlif emal olunan məhsulları da buna misal göstərmək olar. Artıq fındıq istehsalçıları da orqanik fındıq istehsalına başlayıblar.
Müsahibimiz təəssüf hissi ilə bildirir ki, Azərbaycana xaricdən fərqli növdə fındıq tingləri idxal edib intensiv fındıq bağlarının salınmasına cəhd edən şirkətlər də var: “Assosiasiyamız sadəcə orqanik məhsul istehsalının stimullaşdırılmasını deyil, eyni zamanda milli meyvə və tərəvəz sortlarımızın qorunmasını və populyarlaşdırılmasını da prioritet fəaliyyət sahəsi kimi qəbul edib. Buna görə də bu cür hallar bizi məyus edir. Bizim fındıq dünya bazarına rahatlıqla çıxır, satılır və daim də tələbat var və bundan sonra da olacaq. Xaricdən intensiv fındıq tinglərinin ölkəyə idxal edilməsinə heç bir zərurət yoxdur. Bu təhlükəli tendensiyanın əsasını qoya bilər. Biz Fındıq İstehsalçıları və İxracatçıları Assosiasiyası ilə də sıx əməkdaşlıq edirik və bu məsələlərdə onlarla mütəmadi məsləhətləşmələr aparırıq. Bizim uğurlarımız bu cür əməkdaşlıqların və məsləhətləşmələrin intensivliyindən asılıdır”.
"Orqanik məhsul adını almaq üçün əsas şərt bu məhsulun orqanik sertifikatının olmasıdır. Bu gün bizdə “kənd məhsulu” deyə bir ifadə formalaşıb. Artıq bu ad bir brendə çevrilib. Bu məhsullar bir çox hallarda təbii, orqanik məhsul kimi qəbul edilir. Əslində isə dünyada orqanik sertifikatı olmayan məhsuldan başqa heç bir məhsul orqanik sayıla bilməz", - deyə o əlavə edir.
Azərbaycanın orqanik məhsul istehsalı ilə bağlı statistika demək olar ki, yoxdur. O bildirir ki, hələlik ölkəmizdə orqanik məhsul istehsalı ilə bağlı ənənə formalaşmayıb. Buna baxmayaraq, ekspert deyir ki, ölkəmizin orqanik məhsul istehsal potensialı yüksəkdir: "Bir çox beynəlxalq ekspertlər də bildirirlər ki, Qəbələdən Balakənədək Azərbaycanın böyük bir ərazisi orqanik məhsul üçün potensial ərazidir. Eyni zamanda da cənub bölgəsini də bu baxımdan qiymətləndirmək olar. Lakin Quba-Xaçmaz bölgəsi intensiv kənd təsərrüfatına meyilləndiyi üçün burada torpaq, su kimyəvi maddələrlə zədələnib. Bu səbəbdən həmin zonanın orqanik məhsul yetişdirmə imkanları o qədər də geniş deyildir".
Azərbaycanda kənd təsərrüfatı sahəsində bir ilk həyata keçiriləcək
Emin Əliyev onu da əlavə edir ki, 2020-ci ildə həyata keçirməyi planlaşdırdıqları layihələrdən biri də ölkəmizin orqanik xəritəsinin hazırlanmasıdır. Bu xəritə fermerlərə, investorlara imkan verəcək ki, orqanik məhsul istehsal etmək niyyətində olacağı təqdirdə bu xəritəyə müraciət etsinlər.
Assosiasiya sədri ötən ildə görülən işlərdən də söz açıb: "2017-ci ilin fevral ayında İqtisadiyyat Nazirliyinin xətti ilə Yaponiyada işgüzar səfərdə idim. Səfər çərçivəsində Yaponiyanın milli sərvəti olan sakuranın Azərbaycana gətirilməsi, burada onun çoxaldılması, parklarımızda, yol kənarlarında gözəlliyi ilə seçilən bu ağacların əkilməsi istiqamətində müzakirələrimiz oldu. Biz ötən il Şamaxıda bu layihəmizi icra edərək bir park salmışıq. Bu layihənin davamı olaraq Yaponiyada Azərbaycanın milli ağac sortlarından ibarət bir park salacağıq. Bu parkda milli alma, armud, gilas sortları ilə yanaşı Zəngilan xan çinarının da əkilməsini planlaşdırırıq. Zəngilan xan çinarından ibarət Bəsitçay qoruğu dünyada analoqu olmayan bir qoruqdur. Ölkəmizin təbliği baxımından bu ağacların əkilməsini çox əhəmiyyətli hesab edirik".
Sonda sədr beynəlxalq orqanik məhsul sərgilərində istehsalçılarımızın passiv olmasını da təəssüflə bildirdi. O, qeyd etdi ki, 2018-ci ildə Almaniyanın Nürenberq şəhərində hər il keçirilən BioFach orqanik məhsul sərgisində iştirak edib. Lakin bu sərgidə Azərbaycanın bir dənə də orqanik məhsulu olmayıb: “Bu sərgi çox məşhurdur. Burada Ermənistan məhsullarının stendini gördükdə ürəyimiz dağlandı. Nə üçün burada bizim məhsulların sərgilənməsi fermerlərimizin maraq dairəsində deyil?! Bu il də bizim idarə heyətinin iki üzvü bu sərgidə iştirak etdi. Lakin təəssüf ki, mənzərə eyni idi! Bizim bir dənə də olsun məhsulumuz yox idi. Biz artıq BioFach 2021 üçün danışıqlara başlamışıq və gələn il burada milli stendimizin olması üçün əlimizdən gələni edəcəyik”.