“Yerli icra hakimiyyəti orqanlarının veb resursları elektron hökumət portalına inteqrasiya prosesindən kənar qalıb”. Bunu Sputnik Azərbaycan-a açıqlamasında media hüququ üzrə ekspert Ələsgər Əhmədoğlu deyib.
Ekspert bildirib ki, bu gün bu sektorda vəziyyət acınacaqlıdır: “Yerli icra hakimiyyəti orqanları veb resurslara sahib olsalar da, demək olar ki, istifadə etmirlər. Onlar sadə xırda piar məlumatlarını buraya daxil edirlər. Bu veb resurslar elektron sorğulara cavab vermir. Bu sahədə mərkəzi icra hakimiyyəti orqanlarının da çox böyük problemləri var. Resurslar var, ancaq bunlardan şəffaflığa və informasiya təminatının açıqlığına yönəlik hissələr problemlidir”.
Qeyd edək ki, Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzi (CERT) 2019-cu ildə ən çox ziyarət olunan Azərbaycanın dövlət qurumlarının rəsmi internet saytlarının reytinqini açıqlayıb. CERT-dən verilən məlumata görə, qeyd olunan müddət ərzində ən çox ziyarət edilən rəsmi dövlət saytlarının siyahısına Azərbaycan Dövlət İmtahan Mərkəzinin veb-səhifəsi başçılıq edir.