BAKI, 8 mart — Sputnik. İşçi onunla əmək müqaviləsi bağlandıqdan 6 ay sonra birinci iş ili üçün əmək məzuniyyətindən istifadə etmək hüququna malik olur.
Sputnik Azərbaycan xəbər verir ki, bu fikir Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin İmişli rayonunda "İstirahət vaxtı və işçilərin məzuniyyət hüquqları. Məzuniyyət hüququ və onun təmin edilməsi" mövzusunda keçirdiyi növbəti maarifləndirmə tədbirində qeyd edilib.
Bildirilib ki, bununla belə, bir sıra kateqoriyalardan olan işçilər əmək müqaviləsi bağlandığı vaxt nəzərə alınmadan işin birinci ili üçün əmək məzuniyyəti götürə bilərlər. Onların sırasına əlilliyi olan şəxslər, qadınlar hamiləliyə və doğuşa görə — sosial məzuniyyətdən bilavasitə əvvəl, yaxud sonra, 18 yaşına çatmamış və ya müddətli hərbi xidmətdən buraxıldıqdan 3 ay keçənədək işə götürülən işçilər, əsas iş yerində məzuniyyətə çıxan əvəzçilik üzrə işləyənlər, hərbi qulluqçunun arvadı (və ya əri), təhsil müəssisələrində oxuyan şəxslər (kurs işlərinin və ya imtahanların verildiyi, diplomun müdafiə edildiyi vaxtda) daxildir.
Azərbaycan vətəndaşları üçün ən aşağı məzuniyyət 21 gün olacaq
Tədbirdə işçilərə məzuniyyətlərin verilməsinin rəsmiləşdirilməsi və uçotunun aparılması qaydalarından bəhs olunub. Məzuniyyətdən istifadə zamanı işçilərin hüquqi təminatları, məzuniyyətin növləri, əmək məzuniyyəti və onun verildiyi iş ili, əmək stajına görə əlavə məzuniyyətlərin müddətləri və verilmə qaydaları, uşaqlı qadınların əlavə məzuniyyətləri barədə iştirakçılara ətraflı məlumatlar verilib.
Mövzu ətrafında müzakirələr aparılıb, verilən suallar cavablandırılıb. İştirakçılara istirahət vaxtı və işçilərin məzuniyyət hüquqları ilə əlaqədar maarifləndirici bukletlər paylanılıb.