BAKI, 7 mart — Sputnik. Yeni növ koronavirus (Covid-19) epidemiyası dünyanı sarsmağa davam edir. Hələlik heç bir peyvəndi və ya dərmanı olmayan koronavirus ilə bağlı ABŞ-dan çox əhəmiyyətli bir açıqlama verilib.
Sputnik Azərbaycan "Haberler"ə istinadla xəbər verir ki, ABŞ Quru Qoşunları laboratoriyalarında koronavirus əleyhinə peyvəndin sınaqlarına başlanılıb. ABŞ Müdafiə Nazirliyi bəzi təlimləri təxirə salmaqla yanaşı, orduda epidemiyanın yayılmasının qarşısını almaq üçün bir sıra tədbirlər görür.
Peyvənd işləri ilə əlaqədar açıqlama verən ABŞ Quru Qoşunlarının generalı Maykl Telli vaksinin sınaqlarına başlandığını bildirib. O, potensial vaksinlərin ən qısa müddətdə insanlar üzərində sınaqdan keçiriləcəyini də bildirib.
ABŞ Quru Qoşunlarının Araşdırma İnstitutunun Yoluxucu Xəstəliklər Mərkəzinin direktoru Kavyon Mocarrad isə sınaqların ilkin mərhələdə siçanlar üzərində təcrübədən keçirilməyə başlandığını açıqlayıb: "İkinci mərhələdə təcrübələr meymunlar daxil olmaqla insan anatomiyasına yaxın heyvanlarda keçiriləcək". O vaksin sınaqlarının insanlar üzərində nə zaman həyata keçiriləcəyini isə deməyib.