BAKI, 7 mart — Sputnik. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) səhiyyə sahəsində fövqəladə hallar proqramının icraçı direktoru Maykl Rayan media üçün keçirdiyi brifinqdə koronavirusun yoxa çıxma müddəti barədə danışıb. Sputnik Azərbaycan xəbər verir ki, brifinqi ÜST-ün "Twitter" səhifəsində izləmək olar.
"Koronavirus yayda yox olsa, bu taleyin hədiyyəsi olacaq, amma bu senariyə ümid etməyə dəyməz", — Rayan bildirib.
Onun sözlərinə görə, koronavirus qrip kimi asan yox olmayacaq: "Hazırda bunun baş verəcəyini düşünməyə əsas yoxdur. Buna görə də, virusla indi mübarizə aparmaq lazımdır, onun öz-özünə keçəcəyinə ümid etmək olmaz".
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda epidemiya 97 ölkədə qeydə alınıb.
Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 102 mindən çoxdur. 3 500 insan isə həlak olub.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) infeksiyanın adını COVID-19 qoyub.