BAKI, 6 mart — Sputnik. Avstraliya Milli Universitetinin alimləri koronavirusun yayılmasının ən pis senarisini və epidemiyanın mümkün nəticələrini dərc ediblər.
Sputnik Azərbaycan bildirir ki, araşdırma təhsil müəssisəsinin saytında yerləşdirilib.
Mütəxəssislər bildirirlər ki, SARS-CoV-2 virusunun törətdiyi COVID-19 sətəlcəminin qurbanlarının sayı bir il ərzində 68 milyon nəfərə çata bilər. Onların hesablamalarına görə, Çində 12 milyondan çox, ABŞ və Rusiyada hərəsində 1 milyon insan öləcək. Avropa ölkələrində qurbanların sayı isə yüz minlərlə hesablana bilər. Pandemiya nəticəsində dünya iqtisadiyyatı 9.2 trilyon dollar itirəcək, bir sıra ölkələr isə güclü resessiya ilə üzləşəcək.
Bir qədər "yaxşı" halda, yəni koronavirusdan ölüm səviyyəsi 2%-ə çatsa, dünyada 15 milyon insan qırılacaq. Alimlərin fikrincə, bu halda da daha çox insan Çində və Hindistanda öləcək - hərəsində 1 milyon nəfər. İri Avropa ölkələrində isə 60-70 min adam qırılacaq. Dünya ÜDM-i bu halda 2.3 trilyon dollar azalacaq. Avstraliya və Almaniya iqtisadiyyatı da ağır zərbə alacaq.
Orta ağırlıqlı senaridə insanların ölüm sayı 38 milyon nəfər olacaq, iqtisadiyyat isə 5.3 trilyon dollar itirəcək.
Koronavirus 2019-cu ilin dekabrında Çinin Uhan şəhərindən yayılmağa başlayıb. Bu günədək 98 mindən çox insan yoluxub, 3 mindən çoxu ölüb, 55 min nəfər sağalıb. Qeydə alınmış koronavirus hallarından ölüm faizi 3,4 olub. Dünyanın 93 ölkəsində koronavirusa yoluxma halı aşkarlanıb.