BAKI, 6 mart — Sputnik, Kəmalə Əliyeva. Bakıda yol polisi əməkdaşı ilə həkim arasındakı münasibətlərin yol hərəkəti qaydalarına riayət olunmasına necə təsir göstərdiyi barədə qısametrajlı sənədli film çəkilir. Filmin adı "Xəta və Xatirə"dir.
Sputnik Azərbaycan-ın məlumatına görə, filmdə əsas rolları Xalq artisti Sabir Məmmədov, həmçinin Əjdər Zeynalov və Rövşən Məmmədov ifa edirlər. Filmin ssenari müəllifi və rejissoru Cəlaləddin Qasımovdur.
Rejissor filmin mövzusunun seçilməsini son zamanlar yol-nəqliyyat qəzalarının sayının fəlakətli həddə çatmasına diqqət çəkmək məqsədilə izah edib.
"Mənim filmim iki dostdan - yol polisi və həkimdən bəhs edir. Polis bir dəfə öz həkim dostunu, sonra da onun oğlunu maşın sürərkən təhlükəsizlik kəmərini taxmadığı üçün cərimələyir. Bu, həkimin xətrinə dəyir. Bir müddət keçəndən sonra həkimin oğlu təhlükəsizlik kəmərini taxmadığı üçün qəzaya düşür. Həkim bu zaman öz səhvini və dostunun onları niyə cərimələdiyini anlayır", - deyə Qasımov filmindən bəhs edərkən bildirib.
Hazırda filmin çəkilişləri davam edir. Ona görə də premyeranın dəqiq tarixi hələlik məlum deyil. Rejissor bu filmi beynəlxalq kino festivallarına təqdim etməyə hazırlaşır.
Cəlaləddin Qasımov "Şollerin arxivi", "Edam günü ", "100 illik şərəfli ömür", "Stalinin qaranlıq keçmişi" və "Nobel qardaşlarının ilk uğuru" kimi bədii və sənədli filmlərin müəllifidir. Onun çəkdiyi filmlər 2018-2019-cu illərdə keçirilən bir sıra beynəlxalq kino festivallarında uğur qazanıb, müxtəlif nominasiyaların qalibi olub.