Azərbaycan Belarusa ilk neft partiyasını göndərib

Fevralın sonunda Tişşenko SOCAR-ın martda Belarus üçün Odessa limanına iki neft tankerini göndərəcəyini, oradan isə neftin Odessa-Brodı boru kəməri ilə Belarusa daşınacağını bildirib
Sputnik

BAKI, 6 mart — Sputnik. Azərbaycan Türkiyənin Ceyhan limanından Belarusa 90 min ton “Azeri Light” markalı neftini göndərib. Sputnik Azərbaycan xəbər verir ki, bunu RİA Novosti-yə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) rəsmi nümayəndəsi İbrahim Əhmədov deyib.

“Dünən axşam 90 min ton “Azeri Light” neftini yola saldıq”, - Əhmədov deyib.

Qeyd edək ki, bu, Azərbaycanın Belarusa göndərdiyi ilk neft partiyasıdır.

Fevralın sonunda Belarusun “Belneftexim” konserninin mətbuat katibi Aleksandr Tişşenko SOCAR-ın martda Belarus üçün Odessa limanına iki neft tankerini göndərəcəyini, oradan isə neftin Odessa-Brodı boru kəməri ilə Belarusa daşınacağını bildirib.

Bu həftənin əvvəlində isə o, RİA Novosti-yə müsahibəsində SOCAR-ın birinci tankeri martın 5-6-da Ceyhandan, ikinci tankeri isə martda Supsadan göndərəcəyini deyib.