SƏHİYYƏ

Divara dirəndilər: Tibbi maskaları bahalaşdıranların "maska"sı cırılacaq

"Ölkəyə gətirilən tibbi maskaların sayı bəllidir ki, gömrükdən nə qədər maska keçib. Bu məlumatlar əldə olunduqdan sonra rahatlıqla hesablamaq olar ki, ölkə əhalisinin maskaya olan tələbatı ödənildikdən sonra nə qədər ehtiyat maska qalıb"
Sputnik

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 5 mart — Sputnik. Çində koronavirus qeydə alınandan sonra dünyanın əksər ölkələrində olduğu kimi Azərbaycanda da qoruyucu tibbi maskalara tələbat artdı. İranda bu virusun peyda olmasından sonra isə ölkəmizdəki apteklərdə demək olar ki, tibbi maska böhranı yaşanmağa başladı.

Prezident ölkədə koronovirusun yayılması, xəstələr və maska çatışmazlığından danışdı

İş o yerə çatdı ki, bəzi apteklər qapısının üzərinə maska və spirtin olmadığına dair bildirişlər yazıb vurmağa başladı (P.S. hazırda da apteklərin üzərində belə bildirişlər var). Azərbaycanda koronavirusun qeydə alınması rəsmi təsdiqləndikdən sonra isə maska problemi daha da dərinləşdi. Vəziyyətdən istifadə edən işbazlar apteklərdə qoruyucu maskaların qiymətini 10 qəpikdən 20 qəpiyə, daha sonra 50 qəpiyədək bahalaşdırdılar. Hazırda da apteklərin çoxunda maska tapılmır. Maska satan apteklərdə isə qiymət artıq 70 qəpikdir.

Maskaların qiymətinin birdən-birə 7 dəfə bahalaşması ölkə prezidentinin də diqqətindən yayınmayıb. Prezident İlham Əliyev dünən Goranboy Rayon Mərkəzi Xəstəxanasının kollektivi ilə görüşdə çıxışı zamanı maska probleminə toxunub. Dövlət başçısı ölkədə maska çatışmazlığından da xəbərdar olduğunu bildirib: "Mənə verilən məlumata görə, son vaxtlar apteklərdə maskaların çatışmazlığı müşayiət olunur. Buna heç cür izahat tapmaq mümkün deyil. Çünki bizim kifayət qədər maska ehtiyatlarımız var. Görünür ki, hansısa möhtəkirlər bu vəziyyətdən istifadə edərək öz qanunsuz gəlirlərini artırmaq istəyirlər".

Prezident İlham Əliyev görülən tədbirlərdən də danışıb: "Bütün hüquq mühafizə orqanlarına tapşırıq verilib ki, əgər belə hallar aşkar olunarsa, bu hallara yol verən vətəndaşlara qarşı ən ciddi cəza tədbirləri tətbiq ediləcəkdir. Çünki indiki şəraitdən istifadə edərək, öz tamahını təmin etmək üçün bəd əməllərə üz tutan ünsürlərə qarşı ancaq çox ciddi cəza tədbirləri tətbiq edilməlidir".

İqtisadçı Natiq Cəfərli Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, prezidentin çıxışı maska qıtlığının süni yaradıldığı, qiymətlərin süni bahalaşdırıldığı fikrinə əsas verir: "Prezidentin çıxışından da göründü ki, ölkə başçısı koronavirusun yayıldığı bir dönəmdə maskaların qiymətinin süni bahalaşdırıldığından xəbərdardır. Çünki prezident hər hansı problemdən heç vaxt məlumatsız olduğu halda danışmır. Görünür prezidentə qoruyucu tibbi maskaların qiymətinin süni bahalaşdırıldığı barədə əsaslı məlumatlar verilib".

Maska və spirt tapılmır, aidiyyəti şirkət isə nə "hə", nə də "yox" deyir

N.Cəfərli bildirir ki, ölkəyə gətirilən malların eyni mərkəzdən daxil olması və bir neçə şirkətin sövdələşərək həmin məhsulun qiymətini qaldıraraq satışa çıxartması antiinhisar qanunvericiliyinə ziddir: "Prezidentin qeyd etdiyi kimi, bunu edənlər cəzalandırılmalıdır. Bu istər tibbi maskalar, istər də digər məhsullarla əlaqədar olsun. Burada əsas sövdələşmənin aparılmasıdır. Qiymətin artırılması özü-özlüyündə cinayət deyil. Əgər qiymət artırsa, sahibkar əldə etdiyi artıq qazancdan vergi verirsə, burada cinayət əməli yoxdur. Yox əgər qiymət artımından əldə olunan gəlirdən vergi verilmirsə, burada artıq qanun pozuntusu var. Amma tibbi maska məsələsində prezidentin qeyd etdiyi kimi əsas problem bu bazarın əsas oyunçularının qiyməti diktə etməsidir. Bunların da qarşısını almağın ən yaxşı yolu ölkəyə bu malı gətirən şirkətlərin sayının artmasına münbit şərait yaratmaq, rəqabət mühiti formalaşdırmaqdır. Burada təşviqedici addımların atılmasına da ehtiyac var ki, bazarda çoxçeşidli oyunçuların sayı artırılsın. Bununla da sövdələşməyə yer qalmasın".

Maska taxmayanları həbs edəcəklər

İqtisadçı deyir ki, Azərbaycanda tibbi maskaların qiymət artımına səbəb olacaq daha bir məsələ maskaların başqa ölkələrə ixrac olunmasıdır: "Nəzərə almaq lazımdır ki, Azərbaycanda maskaların qiyməti ajiotajlı vəziyyətdə bahalaşdı. Ölkəyə gətirilən tibbi maskaların sayı bəllidir ki, gömrükdən nə qədər maska keçib. Bu məlumatlar əldə olunduqdan sonra rahatlıqla hesablamaq olar ki, ölkə əhalisinin maskaya olan tələbatı ödənildikdən sonra nə qədər ehtiyat maska qalıb. Bizdə ajiotajın gec yarandığını nəzərə alsaq, ola bilər ki, tibbi maskalar bizdən alınaraq başqa ölkələrə daşınıb. Bu da azalmalara səbəb ola bilərdi. Amma bu sövdələşmə, malları gizlətmək yolu ilə bazara təsiretmədirsə, ciddi araşdırılaraq həmin şəxslər cəzalandırılmalıdır. Yox, əgər bu logistikada proseslərlə əlaqədardırsa, bunun da çözüm yolları tapılmalıdır. İstənilən halda burada dövlətin nəzarəti əsasən qiymət sövdələşməsinə olmalıdır. Əgər Azərbaycanda tibbi maskaların qiyməti gizli sövdələşmə əsasında qaldırılıbsa, həmin şəxslər ciddi şəkildə cəzalandırılmalıdırlar".

Qeyd edək ki, bir neçə gün öncə maskaların qiyməti ilə bağlı İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumatda bildirilib ki, istehlak bazarında baş verən qiymət dəyişiklikləri ilə bağlı İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən aidiyyəti üzrə araşdırmalar aparılır. Qeyd olunub ki, qiymətlərdə süni artım müəyyən edildiyi halda qanunvericiliyə uyğun tədbirlər görüləcək.

Ölkədə tibbi maska qıtlığı yaranıb – Qiymətlər iki dəfə artıb

Məlumat üçün onu da bildirək ki, Azərbaycanın Baş Naziri Əli Əsədov bəzi tibbi ləvazimat və preparatların ölkə ərazisindən çıxarılmasının müvəqqəti olaraq məhdudlaşdırılmasına dair tədbirlər haqqında qərar imzalayıb. Qərarda qeyd edilir ki, əsasən yeni koronavirus xəstəliyinin (COVID-2019) dünyada geniş yayılması ilə əlaqədar olaraq ölkə ərazisindən müxtəlif yollarla bəzi tibbi ləvazimat və preparatların (steril əlcək, baxil, qoruyucu kombinezon, tibbi maska və eynəklər, dezinfeksiyaedici maddə və avadanlıqlar, xüsusi geyimlər və zəruri olan digər tibbi ləvazimat və preparatlar) kütləvi şəkildə aparılması hallarına qadağa qoyulsun. Belə halda ölkəmizdə kifayət qədər ehtiyat tibbi maskaların olduğuna, həmin maskaların möhtəkirlər tərəfindən anbarlarda saxlanılmasına əsaslı şübhələr yaranır. Bu arada qeyd edək ki, maskaların qiymətinin süni şəkildə bahalaşdırılması təkcə bizim işbazların işi deyil. Türkiyənin Ticarət Nazirliyi də tibbi maskaların qiymətlərini süni şəkildə artıran 9 şirkətin hər birini 104 943 lirə (təxminən, 17 205 ABŞ dolları) cərimə edib. Nazir Ruhsar Pekcan bildirib ki, ümumilikdə 13 şirkətin fəaliyyəti araşdırılır və onlardan 9-da möhtəkirlik halları aşkar olunub. "Türkiyə maskaya olan tələbatını ödəyə bilir. Məqsədimiz istehsalçıların və ixracatçımızın qarşısını almaq deyil. İlk öncə daxili bazarı təmin etməliyik", - o deyib. Ticarət Nazirliyinin qəbul etdiyi və bu gündən qüvvəyə minmiş qərara əsasən, tibbi maskaların, qoruyucu iş paltarlarının, kimyəvi maddələrə qarşı istifadə olunan qoruyucu xalatların, qoruyucu eynəklərin ixracı üçün dövlətdən icazə alınmalıdır.