İradə Cəlilova, Sputnik Azərbaycan
BAKI, 5 mart — Sputnik. Kurikulum Azərbaycan təhsil sisteminə 1990-cı illərdə yeni pedaqoji termin kimi daxil olub. Mənası əski latın dilində "yol", "istiqamət" deməkdir. Daha sonralar elm və təhsil sahələrində xüsusi termin kimi işlənməyə başlandı.
İlk dövrlər kurikuluma böyük ümid var idi. İddia edilirdi ki, bu sistem SSRİ-dən qalma “köhnəlmiş”, “müasir dövrlə ayaqlaşmayan” sistemi əvəz edəcək və təhsildə böyük “inqilaba” səbəb olacaq.
Amma görünən odur ki, bu sistem gözlənilən nəticəni vermədi.
Təhsil eksperti Kamran Əsədov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, 2008-ci ildən etibarən orta məktəblərdə tədris kurikulum standartlarına uyğun olaraq həyata keçirilməyə başlayıb. Bu isə o deməkdir ki, 2008-ci ildən etibarən müəllimlər müasir standartlara uyğun olaraq yeni alətlərdən istifadə etməli idilər. Amma Dövlət İmtahan Mərkəzi tərəfindən 2017-xi ildə IX sinif şagirdləri üçün keçirilən buraxılış imtahanlarının nəticəsində məlum oldu ki, orta məktəblərdə şagirdlərə tədris dövlətin standartlarına uyğun olaraq həyata keçirilməyib. Şagirdlərin nəticələri göstərdi ki, hazırda 4472 orta məktəbimizdə dərslər dövlətin tələb etdiyi standartlara uyğun olaraq həyata keçirilmir.
"Göründüyü kimi, təhsilin məzmunu, təşkili və qiymətləndirilməsi ilə bağlı məsələləri özündə əks etdirən bu sənədlər toplusu gözlənildiyi kimi, təhsil ideyamıza çevrilə bilmədi. Kurikulum standartları əsasında hazırlanmış qiymətləndirmə mexanizmləri şagirdlərimizin nitq qabiliyyətini, yazı vərdişlərini, məntiqi təfəkkürünü nəinki inkişaf etdirdi, əksinə, bir çox ziddiyyət və anlaşılmazlıqlar yaratmaqla vəziyyəti bir az da ağırlaşdırdı", – deyə ekspert vurğulayıb.
Onun sözlərinə görə, kurikulum dünyanın mükəmməl, inkişaf etmiş ölkələrində qəbul edilən təhsil üsullarından biridir. Kurikulum qiymətləndirmə, şəxsiyyətlilik və sair baxımından kifayət qədər üstünlüyə malikdir: "Geridə qoyduğumuz 11 il ərzində müəllimlər müasir standartlara uyğun olaraq yeni alətlərdən istifadə etməli idilər. Amma 20 il ərzində müəllimlər ənənəvi test tapşırıqlarını, ənənəvi dərsi necə tətbiq etməyi öyrəniblər və mənimsəyiblərsə, yeni sistemdə belə, ənənəvi, köhnə qaydadan istifadə edirlər. Real vəziyyət budur ki, müəllimlər kurikulum sistemindən, yeni alətlərdən necə istifadə etməyi bacarmırlar, onlar bunu necə edəcəklərini bilmirlər. Ona görə də şagirdləri aşağı nəticələrə görə qınamaq lazım deyil".
Biri yaxşıdır deyir, o biri baş ağrısı söyləyir - Təhsili kor qoyan, yoxsa dahi sistem
Ekspert hesab edir ki, ali məktəbdə tədris proqramları əvvəlcədən müasirləşdirilərək müəllimlərə verilməlidir. Çünki əmək bazarına kadrlar universitetlərdən daxil olur. Onun sözlərinə görə, əgər müəllimlərin kurikulumu, müasir təhlili, qiymətləndirməni bilmələrini istəyiriksə, onda bu proqramı, lazımi resursları ali məktəblərin tədris proqramına salmaq lazımdır.
"Təsəvvür edin, 2017 və 2018-ci illərdə kurikulum standartlarına uyğun keçirilən imtahanlarda iştirak edənlərin 70 faizi öz ana dilindən və riyaziyyatdan 2 aldı. 70 faiz insan minimum suala düzgün cavab verə bilmədi. Demək olar ki, 5 alan olmadı. Bu ona görə idi ki, müəllimlər hələ də kurikulum biliklərini əldə edə bilmirlər. Məktəb direktorları düzgün tədris prosesi qura bilmirlər. Kurikulum standartlarından biri öyrədilən bilik və bacarıqların "KSQ"lər, "BSQ"lər, "Formativ"lərlə yoxlanılmasıdır. Amma müəllimlər hələ də bunun ənənəvi qapalı test üsulu ilə yoxlanmasını həyata keçirirlər. Halbuki, digər konseptual bacarıqların yoxlanılması müxtəlif test tapşırıqları ilə yoxlanılmalıdır. Amma hələ də müəllimlər kurikulumu qəbul etmək istəmirlər. Çünki düşünürlər ki, bunun üçün pul lazımdır. Yəni hər dərsin hazırlanmasına əlavə vəsait tələb olunur. Həqiqətən də müəllimlər burada haqlıdırlar. Düzdür, müəllimlərin maaşları kifayət etmir ki, kurikulumdan hazırlaşsın. Amma bu o demək deyil ki, onlar kurikuluma hazırlaşmamalıdırlar. Əgər onlar bu sistemdə işləyirlərsə, dövlət onlara maaş verirsə, kağızla, printerlə və s. ləvazimatlarla təmin edirsə, 45 dəqiqə dərsdə oturursa, müəllim keyfiyyətli iş ortaya qoymalıdır", – deyə K.Əsədov əlavə edib.
Buraxılış imtahanları harada keçiriləcək – DİM açıqladı
K.Əsədov qeyd edir ki, 4500-dən çox orta məktəbdə 155 min müəllim çalışır. Və onların çox cüzi bir hissəsi kurikulum sistemi ilə dərs keçirlər: "Ən bərbad ikinci bir hal ondan ibarətdir ki, sosial şəbəkələrdə müəyyən müəllim qrupları var, orada ənənəvi üsullarla, yaxud kurikulum üsulu ilə test tapşırıqları hazırlayırlar. Bütün müəllimlər də eyni test tapşırıqlarını götürüb eyni şəkildə öz şagirdlərinə çatdırırlar. Yəni heç bir əziyyət çəkmək istəmirlər. Dövlət İmtahan Mərkəzinin sədri haqlı olaraq keçirdiyi obyektiv, şəffaf imtahanlarla ortaya bir nəticə qoydu ki, bəli, orta təhsil məktəblərimizdə direktorlarımızın fəaliyyətsizliyi nəticəsində fənn müəllimləri kurikulumu ənənəvi üsulla həyata keçirməyə başlayırlar. Dövlət bu standartın həyata keçirilməsi üçün 30 milyon manatdan çox vəsait xərcləyib. Təsəvvür edin ki, 155 mindən çox müəllimimizin, demək olar ki, hamısı kurikulum təlimlərinin iştirakçısıdır. Onlar deyirlər ki, kurikulum kurslarından keçmişik, diplomlarımız, sertifikatlarımız var. Amma ortada olan nəticə odur ki, bizim müəllimlərimiz hələ də kurikulumu başa düşə bilmir, mənimsəyə bilməyiblər".