Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan
BAKI, 5 mart — Sputnik. Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında operativ qərargah koronavirusla bağlı ölkədə görülən işlərlə əlaqədar brifinq keçirir. Sputnik Azərbaycan xəbər verir ki, brifinqdə Nazirlər Kabineti yanında operativ qərargahın üzvü, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) şöbə müdiri Yaqut Qarayeva, Nazirlər Kabineti yanında operativ qərargahın üzvü, TƏBİB-in İşçi Qrupun rəhbəri Vasif Əliyev, respublikanın baş infeksionisti Cəlal İsayev iştirak edirlər.
Brifinqdə çıxış edən Yaqut Qarayeva bildirib ki, koronavirusa yoluxmuş 3 şəxsin vəziyyəti tam stabildir. Onların vəziyyətlərində ağırlaşmalar müşahidə edilmir: "Ümumiyyətlə, hazırda karantin bölgələrində çalışan bütün tibb heyətinin, həkimlərin, orta tibb işçilərinin əməyi yüksək qiymətləndirilir".
Onun sözlərinə görə, Azərbaycanda heç bir kəsin karantindən yayınması halı baş verməyib. Karantinin şərtlərinə hamı riayət etməlidir: "Bu işin təşkili müvafiq orqanlar tərəfindən tənzimlənir. Vətəndaşlar narahat olmasınlar, əgər belə hal olarsa, qarşısı alınacaq".
O, İran-Azərbaycan sərhədinin bağlanmasının vaxtınln uzadılması ilə bağlı hələlik heç bir məlumat olmadığını qeyd edib: "Müddətin dəyişilməsi vəziyyətdən asılıdır. Hazırda karantində olanlar İran-Azərbaycan sərhədini keçənlərdir və daha çox cənub zonasındandır. Ölkənin başqa regionlarından və başqa ölkələrdən gələnlərdən müraciət edənlər olur. Amma onların sayı çox azdır. Eyni zamanda, paytaxt sakinləri arasında da tək-tək müraciət edənlər olur, onların hamısı yoxlanılır. Onların heç birinin analizinin cavabı müsbət çıxmayıb. Tibb personalının qorunması bizim üçün çox vacibdir və lazım olan hər şeylə təmin olunublar. Dövlət onların lazımi təminatı üçün böyük məbləğdə əlavə pul ayırıb".