İQTİSADİYYAT

Gömrükdə "günah siyahısı": il tamam olmamış bağışlamayacaqlar

"Statusu aktivləşdirirlər ki, şəxsin inzibati pozuntusu var. Bir il keçdikdən sonra şəxsin aktiv statusu dəyişməlidir, çünki söhbət son bir ildən gedir"
Sputnik

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 5 mart — Sputnik. Dövlət başçısının 2020-ci il 24 fevral tarixli fərmanı ilə "Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi haqqında Əsasnamə"də dəyişiklik edilib. Sputnik Azərbaycan xəbər verir ki, dəyişiklik "Giriş-çıxış və qeydiyyat" idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi haqqında Əsasnamə"də dəyişiklik edilməsi barədə" Azərbaycan Prezidentinin 2019-cu il 3 iyun tarixli fərmanının icrası ilə əlaqədar edilib.

On il ərzində Azərbaycanın xarici ticarəti

Fərmana əsasən, həmin Əsasnaməyə aşağıdakı məzmunda yarımbənd əlavə edilib: "3.1.43-3. gömrük sərhədini keçən fiziki şəxslər barədə gömrük qanunvericiliyinin pozulmasına dair əməliyyat məlumatı olduqda həmin məlumatları, habelə gömrük qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə son bir il ərzində barəsində inzibati tənbeh tətbiq edilən və ibtidai istintaqı Dövlət Gömrük Komitəsi tərəfindən aparılan cinayətlərə görə məhkumluğu olan şəxslər barədə məlumatları "Sərhədkeçmə zamanı xüsusi diqqət siyahısı"na daxil etmək və müvafiq əsaslar aradan qalxdıqda məlumatların aktiv statusunu dəyişdirmək;".

Dəyişiklik ilə bağlı hüquqşünas Azər NağıyevSputnik Azərbaycan-a deyib ki, gömrük qanunvericiliyini pozanlar ilə bağlı reyestr var və bu, Daxili İşlər Nazirliyinin sistemi ilə əlaqəlidir: "Yəni məhkumluğu olan şəxslər, ölkədən çıxışına qadağa qoyulanlar və digər bu kimi hallar ilə bağlı reyestr var. Və bu məlumatların əsasında şəxsi saxlaya, yoxlaya bilərlər və yaxud ölkədən çıxışına qadağa qoyulubsa, buraxmaya bilərlər".

O bildirib ki, indi Dövlət Gömrük Komitəsinə əlavə səlahiyyət verilir:

"Gömrük sərhədini keçən fiziki şəxslər barədə gömrük qanunvericiliyinin pozulmasına dair əməliyyat məlumatı olduqda həmin məlumatlar, son bir il ərzində gömrük qaydaları əleyhinə inzibati xəta törədibsə və ibtidai istintaqı Dövlət Gömrük Komitəsi tərəfindən aparılan cinayətlərə görə məhkumluğu olan şəxslər barədə məlumatlar "Sərhədkeçmə zamanı xüsusi diqqət siyahısı"na daxil ediləcək. Məsələn, şəxs xaricdən 3 telefon gətiribsə, bu, inzibati xəta hesab olunur. Əgər həmin şəxs barəsində inzibati xəta tətbiq olunacaqsa, bu məlumatlar "Sərhədkeçmə zamanı xüsusi diqqət siyahısı"na daxil ediləcək".

"Müvafiq əsaslar aradan qalxdıqda isə məlumatların aktiv statusu dəyişdiriləcək. Statusu aktivləşdirirlər ki, şəxsin inzibati pozuntusu var. Bir il keçdikdən sonra şəxsin aktiv statusu dəyişməlidir, çünki söhbət son bir ildən gedir. Yaxud ola bilər, şəxs barədə əməliyyat məlumatı təsdiqini tapmasın və bu zaman yenə aktiv status dəyişməlidir. Yəni məlumatların aktiv statusunu passivə keçirirlər ki, görünməsin, vətəndaşa əlavə problem yaradılmasın", - deyə hüquqşünas qeyd edib.

O bildirib ki, məhkumluq ilə bağlı müvafiq qeydiyyat aparılır, yəni dövlətin məlumat bazasında bununla bağlı məlumatlar olur: "Amma inzibati xətalar cinayət kateqoriyasına aid deyil, onlar yüngül pozuntular hesab olunur. İndi son bir il ərzində gömrük qaydaları əleyhinə inzibati xətalar ilə də bağlı belə bir hal tətbiq olunacaq".