BAKI, 5 mart — Sputnik. 2019-2020-ci il miqrasiya sahəsi dinamik inkişaf edib və ölkəyə səfər edən əcnəbilərin sayında artım olub. Eyni zamanda da bu ilin 2 ayı ərzində ölkəyə gələn miqrantların sayında ötən ilin müvafiq dövrü ilə müqayisədə 17 faiz artım müşahidə olunub.
Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Vüsal Hüseynov bu gün mətbuat konfransında deyib. Onun sözlərinə görə, olduğu yer üzrə qeydiyyata alınan əcnəbilərin sayında 0,4 faiz artım müşahidə edilib: "Müvəqqəti yaşamaq icazəsi üçün müraciət edənlərin sayında isə 29 faiz artım olub. Bu artım daimi yaşama icazəsi üzrə 13 faiz, iş icazəsi üzrə 16 faiz, vətəndaşlıq mənsubiyyətinin müəyyən edilməsi üçün üzrə 23 faiz olub. Readmissiya olunan şəxslərin sayında isə 52 faiz artım qeydə alınıb".
"2020-ci ildə qaçqın statusu almaq üçün müraciət edən əcnəbilərin sayı 32 nəfər olub ki, bu da 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 3.4 faiz azalmadır", - deyə o əlavə edib.