BAKI, 4 mart — Sputnik. İranın Təcili Tibbi Yardım Xidmətinin rəhbəri Pirhüseyn Kulivənd koronavirusa yoluxub, lakin özünü normal hiss edir. Sputnik AzərbaycanRİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə məlumatı Kulivəndin rəhbərlik etdiyi qurum yayıb.
"Koronavirusa yoluxduqdan sonra o, müalicə alır, özünü yaxşı hiss edir", – məlumatda bildirilir və narahatlığa səbəb olmadığı qeyd olunur.
Çin hökuməti 2019-cu il dekabrın 31-də Ümumdünya Səhiyyə Təşkilatını (ÜST) ölkənin mərkəzi hissəsində (Hubey əyaləti) yerləşən Uhan şəhərində naməlum sətəlcəmin yayılması barədə məlumatlandırıb. Mütəxəssislər xəstəliyin törədicisinin yeni növ koronavirus olduğunu müəyyən ediblər.
ÜST koronavirusun yayılmasını beynəlxalq əhəmiyyətli fövqəladə hal elan edib və onun törətdiyi xəstəliyə rəsmi olaraq "COVID-19" adını verib.
Çində koronavirusa yoluxmuşların sayı 80 mini ötüb, 2912 nəfər isə bu xəstəlikdən ölüb. Bu arada təxminən 44,5 min nəfər sağalıb. ÜST-ün son məlumatına görə, Çindən kənarda koronavirusa yoluxmuşların sayı 8,7 min nəfəri ötüb, 120-dən çox insan dünyasını dəyişib.