BAKI, 4 mart — Sputnik, Teymur Tuşiyev. 2020-ci il futbol üzrə Avropa çempionatının rəsmi talismanı "Skillzi" bu gün Azərbaycan paytaxtını gəzib.
Sputnik Azərbaycan-a bu barədə AVRO-2020-nin Bakıdakı təşkilat komitəsindən məlumat verilib.
100 gündən sonra futbol üzrə Avropa çempionatı başlanır. AVRO-2020-nin rəsmi talismanı da elə öz səfərini bu günə həsr edib. Skillzi (ingilislərin skills - bacarıqlar sözündən götürülüb) keçmişdə peşəkar futbolçu, indi isə fristaylerlər olan Nuqzar Kvirtiya və Kader Alimovayla birlikdə şəhəri gəzib.
Skillzi Nizami küçəsindən başlayaraq Qız qalasına, Şirvanşahlar sarayına, Atəşgaha, Yanardağa və bir neçə muzeyə baş çəkib. Yerli sakinlər qeyri-adi qonaqları maraqla qarşılayıblar.
Xatırladaq ki, AVRO-2020 cümə günü, 12 iyun 2020-ci il tarixində Roma şəhərində başlayacaq və bazar günü, 12 iyul 2020-ci il tarixində Londonda keçiriləcək final oyunu ilə bitəcək.
AVRO-2020 çərçivəsində Bakı Olimpiya Stadionu qrup mərhələsinin üç matçını qəbul edəcək. Bu oyunlar Uels-İsveçrə (13 iyun), Türkiyə-Uels (17 iyun) və Türkiyə-İsveçrə (21 iyun) yığmaları arasında keçiriləcək. Eyni zamanda iyulun 4-nə təyin olunmuş dörddəbir final matçı da Bakıda olacaq.