BAKI, 3 mart — Sputnik. Qobustanda zəhərlənən ailənin bir üzvü vəfat edib.
Sputnik Azərbaycan APA-ya istinadən bildirir ki, TƏBİB-in mətbuat xidmətinin rəhbəri Rəvanə Əliyevanın verdiyi məlumata görə, zəhərlənən şəxslərdən olan bir uşaq hazırda əməliyyatdadır: "Ata, ana və digər uşağın vəziyyəti stabildir. Nənə isə zəhərlənmədən yox, qanda olan dəyişiklikdən beyin qansızması keçirib və rəhmətə gedib".
Rəvanə Əliyeva həmçinin bildirib ki, həmin şəxslərin analizləri laboratoriyaya təqdim edilib: "Onların nədən zəhərləndikləri hələlik bilinmir. Analizlərin nəticələrini gözləyirik".
Səhiyyə Nazirliyinin baş toksikoloqu Azər Maqsudovun Sputnik Azərbaycan-a verdiyi məlumata görə, ailənin zəhərlənməsinə çörəyin tərkibində olan siçan dərmanı səbəb olub.
"Onlar özləri qəsdən bu dərmanı qəbul etməyiblər. Zəhər onların çörək bişirdikləri unun tərkibində olub. Zərərçəkənlər xəstəxanaya ağır vəziyyətdə çatdırılıblar", - Maqsudov bildirib.
Hadisə ilə bağlı Azərbaycan Respublikasının Qida Təhlukəsizliyi Agentliyinə (AQTA) də məlumat daxil olub. Qurumdan Sputnik Azərbaycan-a verilən məlumata görə, hazırda müvafiq qurumlarla birgə hadisənin baş vermə səbəblərinin müəyyən edilməsi istiqamətində mütəxəssislər tərəfindən araşdırma aparılır. Araşdırmaların yekun nəticəsi ilə bağlı ətraflı məlumat veriləcək.