CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

AZAL səfərbər oldu - VİDEO

Xüsusi tədbirlər vəziyyəti nəzarətdə saxlamağa və koronavirus infeksiyasının ölkənin hava nəqliyyatı vasitəsilə yayılması ehtimalını minimallaşdırmağa imkan verir
Sputnik

BAKI, 3 mart — Sputnik. "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyəti COVID-19 koronavirus infeksiyasının yayılmasının qarşısını almaq üçün bütün mülki aviasiya obyektlərinin dezinfeksiyasını həyata keçirir. Bu barədə Sputnik Azərbaycan-a AZAL-dan məlumat verilib.

Xüsusən, AZAL və "Buta Airways" aviaşirkətləri tərəfindən uçuşlardan sonra hava gəmilərinin xüsusi mayelər ilə dezinfeksiyası həyata keçirilir.

AZAL və "Buta Airways" aviaşirkətlərinin bütün təyyarələri universal profilaktik dəstlər, qoruyucu maskalar və dezinfeksiyaedici vasitələrlə təchiz edilib.

Təyyarələrdə HEPA havalandırma filtrləri vaxtaşırı dəyişdirilir.

Hava gəmisində koronavirus infeksiyasına yoluxmaqda şübhəli bilinən xəstə aşkar edildiyi zaman tədbirlərin görülməsi üçün uçuş heyəti ilə treninqlər aparılıb.

Azərbaycanın beynəlxalq hava limanlarında aşağıdakı tədbirlər görülür:

- sutka ərzində dörd dəfə qeydiyyat zonalarında, tualetlərdə, sərnişinlər üçün nəzərdə tutulmuş otaqlarda bütün səthlərin, habelə sərnişinlərə və onların baqajlarına xidmət göstərən işçi heyətinin geyim və ayaqqabılarının dezinfeksiyası təmin edilir.

- gələn bütün sərnişinlər bədən hərarətini ölçən xüsusi cihaz vasitəsilə 3 səviyyəli yoxlamadan keçir;

- koronavirus infeksiyasına yoluxması şübhəli bilinən sərnişinin olduğu hava gəmisi üçün karantin meydançası ayrılıb. Belə hava gəmisinə xidmət göstərmək üçün istifadə olunmuş xüsusi texnika dezinfeksiyaedici vasitələrlə xüsusi qaydada emaletmə prosedurundan keçir;

- yüksək bədən hərarəti aşkar edilən şəxslərin dərhal təcrid edilməsi üçün aeroportda xüsusi otaq ayrılıb;

- koronavirus infeksiyasına yoluxmaqda şübhəli bilinən şəxslərin ixtisaslaşdırılmış tibb müəssisəsinə çatdırılması üçün hava limanı ərazisində təcili tibbi yardım maşınları daim növbətçilik edir.

Aeroportda görülən tədbirlər:

Hava gəmilərinə bort qidasının təchizatı və təyyarələrin təmizlənməsi ilə məşğul olan "Sky Catering" şirkəti tərəfindən aşağıdakı tədbirlər görülür:

- bort qidasının hazırlandığı sexlərdə təkrar istifadə olunan qab-qacağın əlavə dezinfeksiyası təmin edilir;

- bort qidasının daşınmasında istifadə olunan çıxarıla bilən avadanlıqların və texnikanın dezinfeksiyası təmin edilir;

- koronavirus infeksiyasına yoluxmasına şübhəli bilinən xəstə aşkar edildiyi zaman həmin hava gəmisindəki qablar və yemək ləvazimatları ilə qida konteynerləri dezinfeksiyaedici vasitələrlə xüsusi qaydada emal edilir;

- işçilər ilə koronavirus infeksiyasının yayılmasının qarşısının alınması üçün treninqlər keçirilir.

"Sky Catering" şirkəti tərəfindən görülən tədbirlər:

Sərnişinlər tərəfindən Azərbaycanda əlaqə məlumatları və hava gəmisində oturacaq yerinin nömrəsi qeyd edilməklə, sağlamlıq vəziyyəti haqqında xüsusi anketin doldurulması və Heydər Əliyev Beynəlxalq Aeroportuna gəldikdə hava gəmisinin ekipajı tərəfindən Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin əməkdaşlarına mütləq qaydada təqdim edilməsi Heydər Əliyev Beynəlxalq Aeroportunda fəaliyyət göstərən bütün aviaşirkətlərin nəzərinə çatdırılmış və tapşırılıb.

Hava gəmisində koronavirus infeksiyasına yoluxmaqda şübhəli bilinən xəstə aşkar edildiyi zaman qida konteynerləri qablar və süfrə ləvazimatları ilə birlikdə dezinfeksiyaedici vasitələrlə xüsusi qaydada emal edilir.

Yuxarıda sadalanan tədbirlər vəziyyəti nəzarətdə saxlamağa və koronavirus infeksiyasının ölkənin hava nəqliyyatı vasitəsilə yayılması ehtimalını minimallaşdırmağa imkan verir.

Heydər Əliyev Beynəlxalq Aeroportunda operativ qərargah yaradılmış və reyslərin uçuş cədvəlindəki dəyişikliklər və digər aviasiya prosedurları ilə bağlı bütün məsələlərlə əlaqədar müraciət edə biləcəyiniz, 24 saat fəaliyyət göstərən qaynar xətt fəaliyyət göstərir: (+994 12) 497 85 89.