ELM

Məktəblərdəki sovet təcrübəsi geri qaytarılır – Xüsusi siniflər işə yarayacaqmı

SSRİ dövründə də məktəblərdə belə bir təcrübə olub. O zaman “İstehsalat təcrübəsi” adlanan dərs zamanı 9 və 10-cu sinif şagirdləri həftənin bir gününü məktəbə deyil, əvəzində istehsalat müəssisələrinə gedərək, sənət öyrəniblər
Sputnik

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 2 mart — Sputnik. Orta məktəbi bitirən zaman məzunlar bəzən peşə seçimi edərkən müəyyən çətinliklərlə qarşılaşırlar. Valideynlərin diktəsi çox zaman uşaqlara düzgün seçim etməyə mane olur. "Hər kəs ali təhsil almalıdır" fikri isə Azərbaycanda ali təhsilli işsiz kütlənin yaranmasına səbəb olur.

Şagirdlərə müəyyən peşələrin öyrədilməsi məqsədilə ötən il bəzi məktəblərdə peşə təmayüllü siniflər təşkil edilib.

Qeyd edək ki, SSRİ dövründə də məktəblərdə belə bir təcrübə olub. O zaman “İstehsalat təcrübəsi” adlanan dərs zamanı 9 və 10-cu sinif şagirdləri (sovet dövründə məktəblərdə 10 illik tədris sistemi olub) həftənin bir gününü məktəbə deyil, əvəzində istehsalat müəssisələrinə gedərək, sənət öyrəniblər.

Məktəblərdəki sovet təcrübəsi geri qaytarılır – Xüsusi siniflər işə yarayacaqmı

"Peşə təmayüllü siniflərin təşkili" layihəsinə 2019-2020 tədris ilində start verilib. Peşə təmayüllü sinifləri bitirən şagirdlər tam orta təhsil haqqında sənəd almaqla yanaşı, müvafiq peşələrə də yiyələnəcəklər. Bu da onların əmək bazarında özlərinə rahat iş tapmalarına yardım edəcək. Bu səbəbdən də şagirdlərin peşə seçiminə və əmək fəaliyyətinə hazırlanması üçün ümumi təhsil müəssisələrində peşə təmayüllü siniflərin təşkili ciddi əhəmiyyət kəsb edir.

Layihə rəhbəri Xanım Şabanova Sputnik Azərbaycan-a bildirib ki, ötən dövr ərzində 14 rayon və şəhərdə 20 ümumi təhsil müəssisəsində peşə təmayüllü siniflər təşkil edilib. Onun sözlərinə görə, bu məktəblərin hər birində ümumi təhsil fənlərinin keçirilməsi üçün tədris otağı ayrılıb, kompüter, printer və proyektor ilə təchiz olunmuş və tədris otaqlarına internet çəkilib.

"Seçilmiş peşə təmayülü ixtisasına uyğun olaraq hər məktəbə 2 profil üzrə 2 layihə/ixtisas verilib və layihələrin tədrisi üçün müvafiq olaraq emalatxanalar qurulub, zəruri avadanlıqlarla təchiz olunub, həmçinin kənd təsərrüfatı profilinin tədris olunduğu ümumi təhsil müəssisələrində təsərrüfat sahələri yaradılıb", – deyə o vurğulayıb.

Məktəblərdəki sovet təcrübəsi geri qaytarılır – Xüsusi siniflər işə yarayacaqmı

Şabanova qeyd edir ki, layihənin əsas məqsədi ümumi orta təhsil bazasında peşə təhsilinə hazırlanması, təhsilalanların peşə ixtisaslarına aid səriştələrinin inkişaf etdirilməsi və peşələr üzrə ilkin bilik və bacarıqlarla təmin olunması yolu ilə əmək bazarına hazırlanmasının təmin edilməsidir: "Layihənin əsas hədəfi peşə təmayüllü siniflərdə təhsilalanlara ilkin sahibkarlıq bacarıqlarının aşılanması, bununla da gələcəkdə peşə sahibi kimi öz iş yerlərini yaratmağa həvəsləndirməkdir. Ümumi təhsil aldıqları müddətdə peşə vərdişlərinə yiyələnmək şagirdlərə texnologiyaları çevik mənimsəmək, əmək bazarında layiqli yer tutmaq, ömür boyu təhsil prosesinə qoşulmaq, sağlam həyat tərzi keçirmək və ətraf mühitə fəal inteqrasiya olmaq imkanı verir".

Qeyd edək ki, hesabat dövründə layihə çərçivəsində 3 profil (Kənd təsərrüfatı, Xidmət, Təmir-tikinti) üzrə 12 kurikulum hazırlanıb və artıq 10 kurikulumun tədrisinə başlanılıb.

Layihə çərçivəsində baş çəkdiyimiz Müşfiqabad 274 saylı məktəbində iki sinif yaradılıb. Bunlardan biri sanitar qovşağı çilingəri, digəri isə aşpaz peşəsidir. Bu siniflərdə oxuyan uşaqlar deyir ki, onların peşə təmayüllü siniflərdə təhsil almasını valideynləri istəyib. Qeyd edək ki, siniflərdə 12 uşaq təhsil alır.

10 "pa" sinif şagirdi Orxan İsayevin sözlərinə görə, məktəbi bitirəndən sonra sanitar qovşağı çilingəri olmaq niyyətində deyil. O, bu peşəyə hobbi kimi baxdığını deyir. Nihad Məmmədov adlı şagird isə bildirib ki, təcrübə dərslərində bu peşənin incəliklərinə yiyələnə bilirlər.

Məktəblərdəki sovet təcrübəsi geri qaytarılır – Xüsusi siniflər işə yarayacaqmı

Məktəbin müəllimi Pərviz Atakişiyevin sözlərinə görə, uşaqların hamısında sanitar qovşağı çilingəri peşəsinə maraq yoxdur, amma bəziləri dərslərdə oturduqca, nəsə öyrənə bilirlər: "Əvvəl heç maraqları yox idi. İndi yavaş-yavaş maraq yaranır. Həvəsi olmayan da oturub baxır. Ən azından uşaqlar bu peşəyə yiyələnib, evlərində bu problem olanda, özləri aradan qaldıra biləcəklər".

Müəllim deyir ki, uşaqların hamısı bu peşə ilə məşğul olmasa da, ən azından gələcəkdə 3-4-ü bu peşənin sahibi olacaq.

Məktəbdə ikinci peşə təmayüllü sinif aşpazlıq peşəsi üzrədir. Peşə müəllimi Mənsur Lətifovun sözlərinə görə, uşaqların aşpazlığa çox böyük marağı var: "Uşaqlarda artıq mətbəx anlayışı yaranıb. Uşaqlar yaxşı yeməklər bişirir, özümüz də yeyirik, bəyənirik".

Şagirdlər deyir ki, sinifdə müxtəlif yeməklər bişirməyi öyrəniblər. Onların arasında pizza, plov, dovğa, dolma, şəkərçörəyi, şorbalar və s. yeməklər var.

Məktəblərdəki sovet təcrübəsi geri qaytarılır – Xüsusi siniflər işə yarayacaqmı

Onuncu sinif şagirdi Səkinə İbrahimova deyir ki, yemək bişirməyi sevir: "Mən evdə yaxşı yemək hazırlamaq üçün bu peşəni öyrənirəm".

Murad Əmirhüseynov özü könüllü olaraq aşpazlıq sinfində təhsil almağa qərar verib. Yemək bişirməyə böyük həvəsi olan şagird sinif yoldaşından fərqli olaraq gələcəkdə bu peşə ilə məşğul olmağı da düşünür.

Sumqayıtdakı 12 saylı məktəbdə isə dülgərlik və dərzilik peşələri üzrə sinif yaradılıb. Müşfiqabaddan fərqli olaraq Sumqayıt məktəbliləri bu peşələrə xüsusi maraq göstərirlər.

Arzu Namazova deyir ki, dərziliyə çox marağı var: "Mən bu sinifdə çox biliklərə sahiblənmişəm. Bu sahəni çox sevirəm. Gələcəkdə atelye açmaq istəyirəm. Məktəbi bitirdikdən sonra da bu sahə ilə məşğul olmaq istəyirəm".

Məktəblərdəki sovet təcrübəsi geri qaytarılır – Xüsusi siniflər işə yarayacaqmı

Digər şagird Jalə Məmmədova bu sinifi özü seçdiyini deyir: "Sadəcə özüm üçün öyrənirəm. Açığı, gələcəklə bağlı fərqli planlarım var. Gələcəkdə bu peşəni davam etdirməyəcəm".

Məktəbin müəllimi Tovuz İbrahimova uşaqları atelyeyə təcrübəyə apardıqlarını da bildirir: "Mən çox sevinirəm ki, bu layihə bizim məktəbdə yaradılıb. Qızlarımızın çoxunun dərziliyə marağı var. Uşaqlarımız artıq tikiş işlərini özləri görə bilirlər".

Məktəbin dülgərlik qrupunda da 12 uşaq peşə təhsilinə yiyələnir. Uşaqlar dərs zamanı kətil, döşəmə silən taxta və s. hazırlayırlar. Şagirdlərin çoxu bu peşəyə ikinci iş kimi baxır.

Şagird Orxan Qədirzadə deyir ki, bu sinifdə oxumağı valideynləri seçib. İmtahanlara hazırlaşan Orxan, eyni zamanda dülgərliyə də əlavə peşə kimi yanaşır.

Məktəblərdəki sovet təcrübəsi geri qaytarılır – Xüsusi siniflər işə yarayacaqmı

Müəllim Vüqar Balacayev əmindir ki, uşaqlar zamanla peşənin incəliklərinə yiyələnəcəklər: "Mən uşaqlara bu peşəni öyrətmək üçün əlimdən gələni edirəm. Uşaqları öz seximə aparıb peşə ilə tanış etmişəm. Çalışıram ki, bu peşəni öyrənsinlər. Onların hansı işin sahibi olacaqları isə gələcəkdə məlum olacaq. Peşə öyrənmək isə heç bir zaman zərərli deyil".