BAKI, 2 mart — Sputnik. İranda koronavirusdan ölənlərin sayı 66-ya çatıb. Sputnik Azərbaycan Rusiya KİV-nə istinadən xəbər verir ki, bunu İran İslam Respublikasının Səhiyyə Nazirliyinin rəsmi nümayəndəsi Əli Rza Azizi bildirib.
Tehranda keçirilən mətbuat konfransında o, həmçinin vurğulayıb ki, ölkədə 1501 nəfər koronavirusa yoluxub.
Xatırladaq ki, Çində koronavirusun yeni ştammına yoluxanların sayı 80 min 26-ya çatıb.
Çin hökuməti 2019-cu il dekabrın 31-də Ümumdünya Səhiyyə Təşkilatını (ÜST) Hubey əyalətinin Uhan şəhərində naməlum sətəlcəm xəstəliyinin yayılması barədə məlumatlandırıb. Mütəxəssislər xəstəliyin törədicisinin yeni növ koronavirus olduğunu müəyyən ediblər.
ÜST bu xəstəliyin yayılmasını beynəlxalq əhəmiyyətli fövqəladə hal kimi tanıyıb.
Yeni növ koronavirusun yaratdığı xəstəlik hazırda "COVID-19" ("CO" – korona, "VI" – virus, "D" – xəstəlik (ingiliscə – disease), "19" – yaranma ili) adlanır.