CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanlı qızdan turizm həvəskarlarını şok edəcək məlumatlar

Səyyah Rəna Kərimova Sputnik Azərbaycan-a müsahibəsində rastlaşdığı qeyri-adi hadisələrdən söz açıb.
Sputnik

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 2 mart — Sputnik. Dünyada elə bir insan tapılmaz ki, o səyahət etməyi sevməsin. Hər kəsin xəyal etdiyi bir ölkə var ki, bəzən oralara getmək insanlar üçün əlçatmaz olur. Qəhrəmanımız Rəna Kərimovanı bu barədə şanslı hesab edə bilərik. İxtisasca jurnalist olan Rəna xanım "adama gəzmək qalır" fikrini rəhbər tutaraq dünyanı qarış-qarış gəzmək qərarına gəlib: "Birinci dəfə 2013-cü ildə Türkiyə səfirliyinin dəvəti ilə Bodruma getdim. Bir həftə Bodrumda və ətraf şəhərlərdə oldum. Mənə hər şey nağıl kimi gəlirdi. İlk vaxtlar səfərlərim işlə bağlı idi. Jurnalist işlədiyimə görə bir çox ölkələrə çəkiliş üçün gedirdim".

Səyahət etmək istəyənlərin qarşısında duran ən böyük problem gedəcəyi ölkənin dilini bilməməkdir. Kərimova insanları xarici dilləri bilməmələrini özlərinə kompleks yaratmamağa çağırıb: "Əvvəllər dil baryerim var idi. Ona görə də xaricə getməyə cəhd eləmirdim. İlk dəfə İtaliyaya konfransa dəvət alanda gedənlərin içində ingilis dilini təkcə mən bilmirdim. Konfransda onlar mənə tərcümə etsələr də, şəhərə çıxanda onları mən gəzdirməli oldum. Orada anladım ki, bir şəhəri, bir ölkəni gəzmək üçün mükəmməl dil bilgisinə ehtiyac yoxdur".

Azərbaycanlı qızdan turizm həvəskarlarını şok edəcək məlumatlar

Rəna xanım deyir ki, insan bir neçə sözlə də qarşısındakını anlada bilər. Buna sadəcə cəhd etmək lazımdır: "Bir dəfə restoranda ofisianta dedim ki, "Can you bread?". Ofisant başa düşdü ki, mən çörək istəyirəm. Hər səyahətimdə çoxlu dostlar qazanıram. Onlarla hansısa siyasi məsələni müzakirə etmirəm. Ona görə də, gəzmək, görmək, tanış olmaq üçün mükəmməl dil bilgisinə ehtiyac olmadığını düşünürəm. Sözləri yan-yana düzürəm, qarşımdakı anlayır ki, nə demək istyirəm. Mərakeşdə olanda yalnız şəkər qamışını soruşanda google translate-dən istifadə etdim. Qalan hallarda əl-qol jestikulyasiyasından, üz mimikasından istifadə edirdim".

"Klon" serialının izi ilə və alt-üst olan təəssüratlar

Səyahətsevər xanım çoxlu ölkələri gəzməyi qarşısına məqsəd qoymayıb. Lakin getdiyi ölkə və şəhərlərin tarixini, mədəniyyətini öyrənməyə maraq göstərir. Məsələn, Mərakeş səfəri zamanı 10 gün ərzində 7 şəhərdə olub. O şəhərləri qarış-qarış gəzib. Hesab edir ki, bu səfərdən çox şey öyrənib.

Səyahət arzusunda olanların ən çox düşündüyü məsələ gigiyena ilə bağlıdır. Elə müsahibimiz də bu məsələdə çətinliklə qarşılaşıb: "İlk şoku İsraildə yaşadım. Tur ərzində bir restoranda oturduq. Oturduğumuz restoranın mətbəxi göz önündə idi. Aşpaz falafeli (İsrail mətbəxinə məxsus yemək) və kartof frisini götürdü, əli ilə boşqaba qoydu və bizim qarşımıza gətirdi. O an dəhşətə gəldim ki, bu yeməyi necə yeyəcəm?"

Müsahibimiz bir zamanlar hər kəsin sevə-sevə izlədiyi "Klon" serialının çəkildiyi Mərakeşlə bağlı təəssüratlarını bölüşərkən deyib: "Mərakeş çox çirkli ölkədir. İnsanların üst-başı, küçələr çox çirklidir. "Klon" serialının çəkildiyi şəhərlərin sakinləri çox kasıb yaşayır. Mərakeşdə bir uşaq mənə otdan hazırlanmış əşyanı uzadanda elə bildim, hədiyyə edir. Götürdüm, sən demə, o, bunu mənə satır. Yaşı çox az idi. Burada uşaqlar otdan, taxtadan nəsə hazırlayıb gələn turistlərə satırlar, bununla dolanırlar. Mərakeş sanki orta əsrlərdə qalıb. İnsanların geyimindən tutmuş, həyat tərzinə qədər hər şey orta əsrləri xatırladır. Orada olanda sanki "Min bir gecə nağılı"na düşmüsən. Hər şey bambaşqadır".

Azərbaycanlı qızdan turizm həvəskarlarını şok edəcək məlumatlar

Həmsöhbətimizin dediyinə görə, Mərakeşdə Azərbaycanı demək olar ki, tanımırlar. "On gün orada qaldım, çalışdım hər kəsə Azərbaycandan danışım. Güc-bəla ilə "Azərbaycan" sözünü tələffüz etdirməyə çalışırdım. Yalnız bir cütlük Azərbaycana getməyə hazırlaşdığını bildirdi. Çox sevindim".

Bəzi ölkələr haqqında əvvəllər onda yanlış təsəvvürlərin formalaşdığını deyən səyyah, bunu insanlar arasında yayılan şayələrlə əlaqələndirib. "Deyirdilər ki, Mərakeşdə insanlar küçədə sərbəst dolaşa bilmir, qadının yanında gərək mütləq kişi xeylağı olsun. Amma mən rəfiqəmlə çox sərbəst şəkildə dolaşdım, hara istəsəm, ora getdim", - deyə müsahibimiz bildirib.

2000-ci illərin əvvəllərində sevə-sevə izlənilən "Klon" serialındakı Əlinin dəri dabbaqxanası, Lukasla Hadinin görüşdüyü məkanlar ekrandan nə qədər cəlbedici görünsə də, həmsöhbətimiz bildirir ki, həmin məkanlarda dadına ancaq nanə çatıb: "Mərakeş arqan yağı, dəri və xaş-xaşın vətəni sayılır. Bütün şəhərlərində dəri emalı var, xüsusən də Fəsdə daha çoxdur. Orada xeyli sayda dabbaqxanalar var. Orta əsrlərdəki kimi primitiv üsullarla dəri emal edirlər. Oranın dəhşətli qoxusu var, 2-3 dəqiqədən artıq qalmaq mümkün deyil. Orada dadımıza nanə çatırdı. Nanəsiz ümumiyyətlə o qoxuya dözmək qeyri-mümükündür. Baxmayaraq ki, biz səhər saatlarında getmişdik, amma üfunət iyinə dözə bilmirdik. Gün qızdıqca, üfunət iyi daha da artır və insanlar o şəraitdə işləməyə məhkumdurlar. Onları görəndən sonra bütün işlər mənə asan göründü. Mərakeş şəhərində isə atlar çox olduğuna görə, atların qoxusuna dözə bilmirdim. Güman ki, atları çimdirmirdilər və onlardan çox pis qoxu gəlir".

Azərbaycanlı qızdan turizm həvəskarlarını şok edəcək məlumatlar

Çirkli Neapol və istiqanlı avropalılar

Kərimovanın sözlərinə görə, təkcə ərəb ölkələri deyil, Avropa ölkələrində də natəmizlik var idi. Məsələn, İtaliyanın Neapol şəhəri.

"Bu vaxta qədər getdiyim yeganə şəhər idi ki, oranı gəzməkdən imtina edərək oteldə qaldım. Oradakı çirkabı görmək istəmirdim. Neapolu Bakının qardaşı hesab edirlər. Oranı görəndən sonra Bakı ilə qardaş hesab edildiyinə təəssüfləndim. Bakı dəfələrlə oradan təmizdir"- Rəna Kərimova deyir.

Onun fikrincə, avropalıların Azərbaycanla bağlı təəssüratları çox yaxşıdır. Bunda "Avroviziya" mahnı müsabiqəsinin də rolu böyükdür. Çünki, Azərbaycan deyəndə hamı bu müsabiqədən danışır.

Həmsöhbətimiz getdiyi Avropa ölkələrində bizim xalqla ortaq nöqtələr də tapıb: "Getdiyim ölkələrdən bizim millətimizə xas xarakteri italyanlarda gördüm. Yayda İtaliyada olanda, metroya düşdüm. Bir anlıq mənə elə gəldi ki, Bakıdayam. İnsanlar yüksək səslə, emosional danışırlar. Yaxud əvvəllər elə bilirdim, avstriyalılar çox quru, laqeyd xalqdır. Amma orada bunun tam əksi ilə qarşılaşdım. Vyanada olanda yaşlı bir kişidən yolu soruşdum. O, ünvanı mənə göstərmək üçün öz yolundan qayıtdı və yol boyu Azərbaycandan danışdı. Avstriyalılar yadımda istiqanlı millət kimi qalıb, onları özümüzə oxşatdım".

Azərbaycanlı qızdan turizm həvəskarlarını şok edəcək məlumatlar

Rəna xanımın fikrincə, ispanlar da çox istiqanlıdır: "İspaniyanın Qranada şəhərində gecə vaxtı avtobus sürücüsündən gedəcəyimiz yeri soruşduq. Bildirdi ki, həmin istiqamətə getmir, amma bizi ora yaxın yerə apara bilər. Avtobusdakı sərnişinlərin hamısı ispan idi, onlar ingilis dilini bilmirdi, biz də ispan dilini. Birtəhər bir-birimizi başa salmağa çalışdıq. Sürücü iş başında olmasına və avtobusda sərnişinlərin olmasında baxmayaraq, bizi gedəcəyimiz ünvana çatdırmağa çalışdı. Avtobusdakı sərnişinlər də bizi başa salmaq üçün səfərbər olmuşdular. İspanları sevdim, çox kübardılar, portuqallar isə əksinə, çox kobuddurlar".

Rəna Kərimova iudaizm, xristianlıq və islam dininin mərkəzi sayılan Qüdsdə də olub, amma oranı qətiyyən sevməyib: "Məkkə və Mədinədən sonra üçüncü ən böyük məscid orada yerləşir. Ora yalnız müsəlmanlar girə bilər, digər dindən olanlar isə yox. Qapıda bizə kəlmeyi-şəhadəti dedizdirlər, pasportlarımıza baxıb sonra içəriyə keçməyə icazə verdilər. Orada qadınlar bizə başımızı bağlamağı öyrətdilər. Məscidən çıxanda isə qadınlar bizdən pul istədilər. Çox təəccüblənmişdim ki, adi baş bağlamağı və dua oxumağı öyrətdiklərinə görə, pul istəyirlər. Axı bura Allahın evidir, vəzifədən sui istifadə etmək nə dərəcədə doğrudur?"

İsraildən Fələstinə yol alan səyyah burada gördüklərindən də təəccüblənib. "Fələstində İbrahim peyğəmbərin qəbri olan məkanın yarısı yəhudilərdə, yarısı isə fələstinlilərdədir. Ora da başqa dindən olanları buraxmırlar. Mən yəhudilərə aid yerdə idim, hansı dindən olduğumu soruşdular. "I am muslim" deyəndə tez silahları qaldırdılar ki, olmaz, sən müsəlmansan, bura keçə bilməzsən. Mən o qəbri görmək üçün yalandan dedim ki, "yox mən ateistəm, ölkəm müsəlman ölkəsidir". Ümumilikdə Qüds çox müqəddəs yerdir. Hər addımında İsa, Musa, İbrahim və Məhəmməd peyğəmbərlərin izləri var. Küçəylə gedirsən, baxırsan ki, kimsə əlini divara sürtür, kimisi yerə. Orada o qədər dua etmişdik, o qədər rituallar yerinə yetirmişdik ki, bura gələndən neçə müddət özümüzü sanki göylərdə hiss edirdik".

Azərbaycanlı qızdan turizm həvəskarlarını şok edəcək məlumatlar

Xatirələrə qoyulan investisiya

Səyyah xanım hesab edir ki, ən böyük investisiya xatirələrə qoyulan investisiyadır. Onu ən çox qıcıqlandıran "bu qədər ölkələri gəzmək üçün pulu hardan tapırsız?" sualıdır. Əvvəllər daha çox işlə bağlı səfərlərə, çəkilişlərə gedən Kərimova, sonralar səyahət üçün pul yığmağa başlayıb. Həmişə çalışıb ki, bahalı geyimlərdən, aksessuarlardan uzaq gəzsin, Bakıda pul xərcləməsin.

"Ən böyük investisiya xatirələrə qoyulmalıdır. İnsanı yaşadan xoş xatirələrdir ki, biz də onu səyahətlə qazana bilərik. Getdiyim ölkələrdə də çalışıram az pul xərcləyim. Bahalı otellərdə qalmıram, bahalı restoranlara getmirəm, çalışıram hostellərdə qalım. Əvvəllər hostellərdə bir otağı tanımadığım insanlarla paylaşmaq çətin gəlirdi. Artıq o baryeri aşmışam. Gözümü yumuram, ən ucuz olanını seçirəm. Səyahətdən geri qayıdanda heş qaldığım yer yadıma da düşmür", - deyən Rəna xanım səyahət etmək istəyənlərə lüksə qaçmamağı tövsiyə edir.