CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Paytaxt qəsəbələri Xəzərə qarşı - Tanrının nemətini öz əlimizlə bərbad hala salırıq

Sahil zolağının bu qədər acınacaqlı vəziyyətdə çirkli olması ətrafda yaşayan insanların sağlamlığı üçün təhlükəlidir, amma bu təhlükənin qarşısını almalı olanlar məsələyə praktik yanaşmırlar.
Sputnik

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 1 mart — Sputnik. Xəzərin, sahil zolağının çirkləndirilməsi, sahildə yerləşən obyektlərdən təmizlənməmiş və zərərsizləşdirilməmiş tullantı sularının dənizə axıdılması əbədi problem olaraq qalır. Bəzi obyektlərin kanalizasiya sistemləri isə birbaşa dənizə birləşdirilib. Bütün bunlar sahil zolağında acınacaqlı vəziyyət yaradır və dənizi insanlar üçün təhlükə mənbəyinə çevirir.

Sputnik Azərbaycan-ın araşdırmasına görə, Suraxanı rayonu, Hövsan qəsəbəsinin ərazisindəki sahil zolağı da sözün əsl mənasında acınacaqlı vəziyyətdədir. Hövsan qəsəbəsinə yaxınlaşanda kəskin üfunət iyinin nəfəsləri kəsməsi də, bunun bariz nümunəsidir.

Paytaxt qəsəbələri Xəzərə qarşı - Tanrının nemətini öz əlimizlə bərbad hala salırıq

Hövsanda dəniz kənarında gəzib təmiz dəniz havası udmaq müşkül məsələdir. Sizi dərhal məişət tullantıları, çirkab suları, boş içki şüşələri, balıq torları, sınıq-salxaq taxta parçalarından qurulmuş balıqçı komaları əhatə edəcək. Bura antisanitariya mənbəyi olmaqla yanaşı, sahilin görünütüsünə də ciddi xələl gətirir. Komaların yaxınlığında kustar üsulla balıq hisə vermək üçün tikilmiş sobalardan ətrafa yayılan qoxu kanalizasiya tullantıları ilə doldurulan dənizdən gələn üfunətə qarışaraq təsəvvürəgəlməz dəhşətli vəziyyət yaradır.

Dənizə yaxın ərazilərdə yaşayan sakinlər isə artıq üfunət qoxusunun canlarına hopduğunu və buna alışdıqlarını deyirlər.

Paytaxt qəsəbələri Xəzərə qarşı - Tanrının nemətini öz əlimizlə bərbad hala salırıq

"Bəzən deyirlər ki, nə xoşbəxt adamlarsız, dəniz kənarında yaşayırsız. Amma burada vəziyyətin necə olduğunu heç kim bilmir. Üfunət qoxusu, hisə verilmiş balıq qoxusu, yanmış təkər qoxusu", - deyə kənd sakini Nanə Əliyeva gündəlik yaşam şərtlərini ifadə edir.

Bəlkə də, sahil zolağında yaşayan insanlar buradakı çirkabın onların sağlamlığı üçün nə qədər təhlükəli olduğunun fərqində deyillər.

Həkim terapevt Məlahət Abbasova Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, çirkli dəniz suyu bağırsaq çöplərinə, dəri xəstəliklərinə səbəb ola bilər. Dənizətrafı ərazilər həddən artıq çiklidirsə, bu hava ciyərlərə dolur. Bu da zamanla orqanizmdə müəyyən fəsadlara gətirib çıxara bilər.

Paytaxt qəsəbələri Xəzərə qarşı - Tanrının nemətini öz əlimizlə bərbad hala salırıq

Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin rəisi Ərəstun Həsənov isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, sahilboyu ərazilərdə fəaliyyət göstərən iaşə, istirahət mərkəzlərinə bioloji təmizləyici qurğuların qurulması ilə bağlı xəbərdarlıq edilib. Bildirilib ki, əks təqdirdə dövlət qanunları qarşısında cavab verməli olacaqlar.

"Sahil zolağında olan bütün obyektlərin kanalizasiya xəttinə təmizləyici qurğular quraşdırması mütləqdir. İstehsal formasından asılı olaraq, tullantı suları təmizlənərək, zərərsizləşdirilərək dənizə axıdılmalıdır. Sahibkarlara dənizin çirkləndirilməsinə icazə verilmir. Hələ ki, bu sahədə maarifləndirmə işləri aparılır", - deyə Həsənov bildirib.

Lakin Hövsan sakinləri hesab edirlər ki, maarifləndirmə tədbirləri, xəbərdarlıqlar problemi kökündən həll etməyə qadir deyil. Müvafiq dövlət qurumları sahilyanı ərazilərdə vaxtaşırı monitorinq keçirərək obyekt sahiblərini inzibati üsullarla qaydalara əməl etməyə məcbur etməlidirlər.

Paytaxt qəsəbələri Xəzərə qarşı - Tanrının nemətini öz əlimizlə bərbad hala salırıq

Hövsanda apardığımız müşahidələr onu deməyə əsas verir ki, dənizi təkcə obyektlər deyil, sahilyanı zolaqda yaşayan və evin kanalizasiya xəttini birbaşa dənizə birləşdirən sakinlər də çirkləndirir. Onlar bunu Hövsan qəsəbəsində ümumiyyətlə kanalizasiya xəttinin olmaması ilə izah edirlər. Oqtay Şabanov küçəsində yaşayan Əlövsət Qasımov deyir ki, qəsəbəyə mərkəzi kanalizasiya xətti çəkilməyənə qədər, dənizin çirkləndirilməsi problemi aradan qalxmayacaq:

"Mən on beş ilə yaxındır Hövsanın mərkəzində yaşayıram. Buradakı həyət evlərinin heç biri kanalizasiya xəttinə qoşulmayıb. Prezident dəfələrlə Bakıətrafı kənd və qəsəbələrdə yolların, kanalizasiya xətlərinin çəkilməsi ilə bağlı müvafiq tapşırıqlar verib. Yerli məmurlar isə buna məhəl qoymurlar. Biz sakinlər adından kanalizasiya ilə bağlı deputatımız Sevinc Fətəliyevaya da dəfələrlə müraciət etmişik ki, müvafiq dövlət qurumları qarşısında məsələ qaldırsın. Amma bir nəticə olmayıb. Hər kəsin həyətində "şamba" dediyimiz kanalizasiya quyusu var. O quyular dolanda çirkab sularını çəkən maşınları çağırırıq, pul veririk ki, quyunu təmizləsin. Onlar da həmin çirkabı birbaşa dənizə axıdırlar", - deyə Qasımov əlavə edib.