BAKI, 29 fevral — Sputnik. Koronovirus şiddətlə can almaqda davam edir. Çində 79251 yoluxmuş insandan 2835-i dünyasını dəyişib.
Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, ölkənin Səhiyyə üzrə Dövlət Komitəsinin verdiyi məlumata görə, 39 mindən çox adam sağalaraq evə yazılıb.
Məlumata görə, 7664 nəfərin vəziyyəti ağırdır.
Son sutka ərzində 427 yeni yoluxma faktı qeydə alınıb. Bunlardan 423-ü Hubey əyalətindədir. Onlardan 47-si (45-i Hubeydə olmaqla) ölüb. Daha 248 nəfərdə koronovirusa yoluxma şübhəsi var.
Çindən kənarda da koronavirusa yoluxan və ölənlərin sayı durmadan artır. Cənubi Koreyada yoluxanların sayı 2931-ə, ölənlərin sayı 16-ya çatıb. Yaponiyada "Diamond Princess" kruiz gəmisindəkilər də nəzərə alınmaqla (705 nəfər) 942 adam koronavirusa yoluxub. İndiyədək 11 nəfər ölüb. Avropada İtaliya bu baxımdan dəhşət yaşayır - burada yoluxanların sayı 821, ölənlərin sayı 21 olub. Hətta okeanın o tayında - ABŞ-da da artıq 62 nəfərin bu ölümcül virusa yoluxduğu təsdiqlənib.
Bütün dünya üzrə ümumilikdə 51 ölkədə yoluxma faktı qeydə alınıb. Çindən kənarda 4691 nəfər koronavirusa yoluxub, 67 adam virusun törətdiyi "COVID-19" xəstəliyindən dünyasını dəyişib.
Çin hökuməti 2019-cu il dekabrın 31-də Ümumdünya Səhiyyə Təşkilatını (ÜST) Hubey əyalətinin Uhan şəhərində naməlum sətəlcəm xəstəliyinin yayılması barədə məlumatlandırıb. Mütəxəssislər xəstəliyin törədicisinin yeni növ koronavirus olduğunu müəyyən ediblər.
ÜST bu xəstəliyin yayılmasını beynəlxalq əhəmiyyətli fövqəladə hal kimi tanıyıb.
Yeni növ koronavirusun yaratdığı xəstəlik hazırda "COVID-19" ("CO" – korona, "VI" – virus, "D" – xəstəlik (ingiliscə – disease), "19" – yaranma ili) adlanır.