CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qapıları bağladıq, nə yeyəcəyik?

F.Fikrətzadə: "İrandan 45 milyon dollarlıq idxalın 30 faizi kartofun payına düşür. İrandan ağırlıqlı olaraq bizim idxal kartofla bağlıdır"
Sputnik

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 29 fevral — Sputnik. Son vaxtlar İranda müşahidə olunan koronavirus epidemiyasına qarşı gömrük-sərhəd buraxılış məntəqələrində həyata keçirilən qabaqlayıcı tədbirlərin gücləndirilməsi, bu xəstəliyə yoluxmalarına şübhə yaranan şəxslərin vaxtında aşkarlanması və tibbi təxliyəsi üzrə Dövlət Gömrük Komitəsi (DGK) tərəfindən müvafiq işlər, o cümlədən lazımi sanitar-profilaktik və dezinfeksiya tədbirləri həyata keçirilir.

Saat 4-dən bütün qapılar bağlanır: Nazirlər Kabineti qərar verdi

Sputnik Azərbaycan xəbər verir ki, DGK-nın məlumatına görə, İranda yayılan koronavirus epidemiyasına qarşı mübarizə tədbirləri çərçivəsində Cənub Ərazi Baş Gömrük İdarəsinin Astara və Biləsuvar gömrük-sərhəd buraxılış məntəqələrində də profilaktik tədbirlər və dezinfeksiya işləri aparılır.

Bu gün saat 16:00-dan etibarən isə iki həftəlik müvəqqəti dövr ərzində Azərbaycan Respublikası və İran İslam Respublikası arasında dövlət sərhədlərinin məhdudlaşdırıcı rejim əsasında bağlanması barədə qərar qəbul olunub.

Qeyd edək ki, hazırda İrandan ölkəmizə gətirilən kənd təsərrüfatı və ərzaq məhsullarına qadağa qoyulmayıb. Əgər qadağa olarsa, bunun bizə təsirləri ola bilərmi?

Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Firdovsi Fikrətzadə Sputnik Azərbaycan-a açıqlamasında deyib ki, 2019-cu ildə Azərbaycan İrandan 45 milyon dollarlıq kənd təsərrüfatı və ərzaq məhsulları idxal edib: "Nəzərə alaq ki, 2019-cu ildə Azərbaycanın ümumi kənd təsərrüfatı və ərzaq məhsulları idxalı 1,9 milyard dollar olub və bunun da cəmi 45 milyon dolları İranın payına düşür. Ötən il İrandan ölkəmizə gələn məhsulların əsas hissəsini – 30 faizini kartof təşkil edib. İdxalın 9 faizini xurma, 6 faizini peçenyelər, 6 faizini şəkərdən hazırlanan digər qənnadı məmulatları, 5 faizini təzə və ya qurudulmuş portağal və s. təşkil edib".

"İrandan idxala hər hansı bir məhdudiyyət qoyulsa, bunun bizim kənd təsərrüfatı və ərzaq bazarına ciddi təsirinin olacağını düşünmürük. Çünki ötən il İrandan bizə cəmi 54 min ton kartof gətirilib. Onu da nəzərə almaq lazımdır ki, artıq yaz mövsümündən başlayaraq bizim öz yerli kartofumuz çıxır. İndi İrandan bizə hətta kartof gəlməsə belə, bu, bazarda hər hansı bir qeyri-müəyyənlik yaratmayacaq. Çünki onsuz da bizdə bu mövsüm kartof idxalının olmadığı dövrdür. Bir də növbəti ilin qışında İrandan 40-50 min ton kartof idxalı ola bilər", - deyə o qeyd edib.

F.Fikrətzadə bildirib ki, İrandan 45 milyon dollarlıq idxalın 30 faizi kartofun payına düşür: "İrandan ağırlıqlı olaraq bizim idxal kartofla bağlıdır. Artıq kartofun da idxal mövsümü başa çatıb, yəni nə qədər idxal edilibsə, olub, başa çatıb. İrandan kartof bir müddət gəlməsə belə, problem olmayacaq. 45 milyon dollarlıq idxalın ümumi 1,9 milyardlıq idxalın müqabilində elə də ciddi təsirinin olacağını gözləmirəm".

Meyvələr matahdır, marketlər muzey, qiymətlər də artır, haraya qədər?

Azərbaycan Dövlət İqtisad Universitetinin professoru Elşad Məmmədov isə Sputnik Azərbaycan-a deyib ki, İrandan gələn məhsullara qadağa qoyulsa, bunun ölkəmizdə qiymətə təsiri mümkündür: "Çünki Azərbaycanda daxili bazarın idxaldan asılılıq səviyyəsi yüksəkdir. Eyni zamanda yerli istehsal baxımından kənd təsərrüfatında irəliləyişlər olsa da ixrac istehsaldakı artımı üstələyir və faktiki olaraq yerli məhsullar daha çox ixrac olunur. Və onların ixrac bazarlarına çıxarılması daxili bazarda İran və Türkiyə məhsullarının çoxalmasına səbəb olur. İran və Türkiyədən bir çox istiqamətlər üzrə idxal olunan məhsullarda qiymətlər münasibdir. Əgər idxala qadağa qoyulsa, bu, daxili bazarda qiymət artımına səbəb olacaq".

"Bunun qarşısını almaq üçün idxalın əvəzolunması siyasəti fəal şəkildə həyata keçirilməli və ilk növbədə daxili bazarı yerli məhsullarla təmin etməliyik. Çünki əksər hallarda yerlərdə məhsulları fermerlərdən çox ucuz qiymətə alıb ixraca aparan vasitəçilər öz mənfəətlərini artırırlar. Nəticədə nə istehsalçı, nə də istehlakçı qazanır. Burada vasitəçilər qazanırlar. Bunun qarşısı alınmalı, daxili bazar qorunmalıdır", - deyə o qeyd edib.

Qeyd edək ki, Aqrar Tədqiqatlar Mərkəzinin məlumatına görə, 2019-cu ildə Azərbaycanın İrandan cəmi idxal həcmi 452.7 milyon ABŞ dolları, İrana cəmi ixrac həcmi isə 41.1 milyon ABŞ dolları olub. Azərbaycanın İrandan cəmi idxalının 33.4%-ni "Təbii qaz, qaz halında", 7.2%-ni "Xüsusi kütləsi 0,94 və ya daha çox olan ilkin formalı polietilen", 3.6%-ni "Döşəmə və divarlar üçün su udma əmsalı 0,5 kütlə %-dən çox olmayan, lakin 10 kütlə%-dən çox olmayan keramikadan minalanmamış üzlük plitələr", 2.9%-ni "Kartof, təzə və ya soyudulmuş, digərləri" təşkil edib.

Azərbaycanın İrana cəmi ixracının 32.6%-ni "Təbii qaz, qaz halında", 31.5%-ni "Pambıq lifi, daranmaya məruz qalmamış", 9.8%-ni "Ətriyyat və əczaçılıqda işlənən digər bitkilər", 6.1%-ni "Pambıq yağının ekstraksiyası nəticəsində alınan cecələr və digər bərk tullantılar" təşkil edib.

2019-cu ildə kənd təsərrüfatı və emalı məhsulları üzrə Azərbaycanın İrana ixracı 22.7 milyon ABŞ dolları olub. Bunun 56.9%-ni "Pambıq lifi, daranmaya məruz qalmamış", 17.7%-ni "Ətriyyat və əczaçılıqda işlənən digər bitkilər", 10.1%-ni "Pambıq yağının ekstraksiyası nəticəsində alınan cecələr və digər bərk tullantılar", 3.6%-ni "Alma, təzə", 1.9%-ni "Xam ipək (eşilməmiş)" təşkil edib.