Qonşu ölkədə çaş-başlıq: koronaviruslu xəstələrə görə xəstəxanaya od vurdular - VİDEO

İranda koronavirus yayılması barədə məlumat veriləndən sonra ölkənin bir çox şəhərlərində məhz yoluxanların başqa şəhərlərdəki xəstəxanalara köçürülməsinə görə bənzər aksiyalar keçirilməyə başlanıb
Sputnik

BAKI, 29 fevral — Sputnik. İranın Bəndər Abbas şəhərində yerləşən Tohid klinikasının bir hissəsini yandırıblar.

Sputnik Azərbaycan bildirir ki, bu barədə Iran International kanalı məlumat yayıb. 

Məlumata görə, yerli əhali koronavirusa yoluxanların Qum şəhərindən Bəndər Abbasdakı adıçəkilən xəstəxanaya gətirildiyini eşidib, panikaya düşərək xəstəxananı yandırmağa cəhd edib.

Fars News agentliyi bildirib ki, əsası olmayan xəbər insanları belə bir hərəkətə sövq edib.

Ərazidə yanğın etiraz aksiyasına polislər gələn kimi başlayıb. Qısa müddət ərzində yanğınsöndürənlər alovun öhdəsindən gələ biliblər.

​Eyni zamanda Hörmözqan Tibb Elmləri Universitetinin ictimaiyyətlə əlaqələr departamentinin rəisi Fatimə Nouruziyan koronavirusa yoluxanların Bəndər Abbasa köçürülməsi xəbərinin doğru olmadığını deyib.

Tohiddə yanğından bir neçə saat əvvəl insanlar Bəndər Abbasda koronavirusa yoluxma faktları əleyhinə etiraz keçiriblər: "Cümə axşamınadək bizdə 3 xəstə var idi, sonra gündə biri xəstələnməyə başladı, son 24 saat ərzində isə onların sayı 9-a çatıb".

İranda koronavirus yayılması barədə məlumat veriləndən sonra ölkənin bir çox şəhərlərində məhz yoluxanların başqa şəhərlərdəki xəstəxanalara köçürülməsinə görə bənzər aksiyalar keçirilməyə başlanıb.