BAKI, 29 fevral — Sputnik. ABŞ-da koronavirusa yoluxmadan ilk ölüm faktı təsdiqlənib.
Sputnik Azərbaycan bildirir ki, bu barədə Associated Press yazıb. Məlumata görə, ölüm hadisəsi Vaşinqton ştatında olub.
Cümə günü ABŞ-ın Xəstəliklərə nəzarət və profilaktika mərkəzi bildirmişdi ki, ölkə ərazisində koronavirusa yoluxma hallarının sayı 62-yə çatıb.
Çin hökuməti 2019-cu il dekabrın 31-də Ümumdünya Səhiyyə Təşkilatını (ÜST) Hubey əyalətinin Uhan şəhərində naməlum sətəlcəm xəstəliyinin yayılması barədə məlumatlandırıb. Mütəxəssislər xəstəliyin törədicisinin yeni növ koronavirus olduğunu müəyyən ediblər.
ÜST bu xəstəliyin yayılmasını beynəlxalq əhəmiyyətli fövqəladə hal kimi tanıyıb.
Yeni növ koronavirusun yaratdığı xəstəlik hazırda "COVID-19" ("CO" – korona, "VI" – virus, "D" – xəstəlik (ingiliscə – disease), "19" – yaranma ili) adlanır.
Bütün dünya üzrə ümumilikdə 51 ölkədə yoluxma faktı qeydə alınıb. Çində 79251 yoluxmuş insandan 2835-i dünyasını dəyişib. Ölkənin Səhiyyə üzrə Dövlət Komitəsinin verdiyi məlumata görə, 39 mindən çox adam sağalaraq evə yazılıb.