BAKI, 28 fevral — Sputnik. Rusiya və Türkiyə Prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub. Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Tərəflər Suriyanın İdlib vilayətində gərginliyin artmasına görə narahatlıqlarını ifadə ediblər.
Qeyd olunur ki, telefon zəngi Türkiyə tərəfinin təşəbbüsü ilə baş tutub.
"Rusiya və Türkiyə Müdafiə Nazirlikləri kanalları ilə koordinasiyanın effektivliyinin artırılmasının önəmi vurğulanıb", - deyə Kremlin məlumatında bildirilib.
Xatırladaq ki, ötən gün Suriya rejimi tərəfindən İdlibdə Türkiyə Silahlı Qüvvələrinə qarşı törədilmiş hava hücumu nəticəsində şəhid olan türk əsgərlərinin sayı 33-ə çatıb.
Türkiyənin 33 əsgərinin öldürülməsinə cavab olaraq Suriyada həyata keçirdiyi hərbi əməliyyat zamanı 309 Suriya hərbçisi öldürülüb.
Hulusi Akar Silahlı Qüvvələrin əməliyyatına şəxsən rəhbərlik edib. "Əməliyyat zamanı 200-dən çox hədəfə zərbələr endirilib. Nəticədə 5 helikopter, 23 tank, 10 zirehli avtomobil, 23 top və haubitsa, 5 silah-sursat daşıyan yük maşını, 1 ədəd SA-17, 1 ədəd SA-22 hava hücumundan müdafiə sistemi, 3 silah-sursat deposu, 2 silah-sursat anbarı, 1 qərargah binası məhv edilib", - Müdafiə naziri vurğulayıb.